Yalçın Rəfiyev: İqlim prosesi öhdəliklərin razılaşdırılmasından onların icrasına keçməlidir
İqlim prosesi getdikcə öhdəliklərin müzakirəsindən onların həyata keçirilməsinə keçməlidir.
Bunu Azərbaycan xarici işlər nazirinin müavini, COP29-un Baş danışıqçısı Yalçın Rəfiyev “Bakı İqlim Fəaliyyəti Həftəsi 2026”nın açılış mərasimində deyib.
Y.Rəfiyev bildirib ki, bu istiqamət Türkiyənin Antalya şəhərində keçiriləcək COP31 üçün əsas prioritetlərdən biri olmalıdır.
“İstiqamət aydındır: iqlim prosesi getdikcə öhdəliklərin müzakirəsindən onların həyata keçirilməsinə keçməlidir”, - deyə Y.Rəfiyev vurğulayıb.
Onun sözlərinə görə, yeni nəsil Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr (NDC) artıq yalnız ambisiyaları ifadə edən sənədlər olmamalıdır. Onlar milli hədəfləri konkret siyasət, texnologiya, infrastruktur və maliyyə ilə əlaqələndirən investisiya və icra planlarına çevrilməlidir.
“Antalyada sual yalnız bu olmamalıdır: NDC-lərimiz nə dərəcədə ambisiyalıdır? Həm də sual belə olmalıdır: Onları həyata keçirmək üçün nə lazımdır? Hansı investisiyalar, hansı texnologiyalar, hansı tərəfdaşlıqlar və ən əsası, maliyyə haradan gələcək?” – deyə Y.Rəfiyev qeyd edib.
O əlavə edib ki, maliyyələşdirmə olmadan COP31-in “İcra COP-u”na çevrilməsi mümkün deyil.
Y.Rəfiyev Nepalda və Çində baş verən dağıdıcı daşqın və torpaq sürüşmələri insan tələfatı və böyük humanitar itkilərlə nəticələndiyini də xatırladıb.
O bildirib ki, bu faciələr iqlim dəyişmələrinin artıq gələcəklə bağlı xəbərdarlıq olmadığını göstərir: “Milyonlarla insan üçün bu, artıq bu günün reallığıdır”.
Nazir müavininin sözlərinə görə, ekstremal hava hadisələri təkcə ətraf mühitə deyil, iqtisadiyyata, təhlükəsizliyə və inkişafa da təsir göstərir.
Y.Rəfiyev vurğulayıb ki, iqlim dəyişmələri eyni zamanda diplomatiyanı da sınağa çəkir. Geosiyasi qarşıdurma, parçalanma və etimadın azalması şəraitində heç bir ölkə bu problemlə təkbaşına mübarizə apara bilməz.
“COP29 çərçivəsində təcrübəmiz göstərdi ki, mövqelər barışmaz göründüyü zaman belə diplomatiya nəticə verə bilər”, – deyə o qeyd edib.
Y.Rəfiyev bildirib ki, konsensus təxminən 200 tərəfin hər məsələdə qəfil razılığa gəlməsi demək deyil. Konsensus müxtəlif milli reallıqların eyni istiqamətdə hərəkət edə biləcəyi nöqtəni tapmaqdır.//Azərtac

