Azərbaycan Ağsaqqallar Şurası ictimai sabitliyi pozmağa yönələn cəhdləri qətiyyətlə pisləyib
Son günlər ümumtəhsil məktəblərində şagirdlərin və müəllimlərin geyim qaydaları ilə bağlı aparılan müzakirələrin müəyyən qüvvələr tərəfindən məqsədli şəkildə siyasiləşdirilməsi, dini qarşıdurma predmetinə çevrilməsi və cəmiyyətdə narazılıq yaratmaq üçün istifadə olunması ciddi narahatlıq doğurur. Azərbaycan Ağsaqqallar Şurası olaraq, həssas ictimai məsələlərdən sui-istifadə edərək insanları qarşıdurmaya sövq edən, milli həmrəyliyimizə xələl gətirməyə çalışan, təxribatçı çağırışlarla ictimai sabitliyi pozmağa yönələn cəhdləri qətiyyətlə pisləyirik.
Bu barədə Azərbaycan Ağsaqqallar Şurası yaydığı bəyanatda vurğulanıb.
Bildirilib ki, xüsusilə xarici informasiya resurslarında ölkəmizin daxili məsələlərinin təhrif olunması, dini hisslər üzərindən manipulyasiyaların aparılması, vətəndaşların mitinq və etirazlara təhrik edilməsi yolverilməzdir. Dövlətçiliyimizə, milli birliyimizə və ictimai həmrəyliyimizə qarşı təxribatlara son qoyulmalıdır!
“Azərbaycan Ağsaqqallar Şurası olaraq, biz Nazirlər Kabinetinin ümumtəhsil məktəblərində geyim qaydalarına dair qərarlarının qanunvericiliyə uyğun tətbiqini dəstəkləyirik. Unutmayaq ki, məktəb yalnız bilik və bacarıqların aşılandığı yer deyil, eyni zamanda, şəxsiyyətin formalaşdığı, vətəndaşlıq məsuliyyətinin, intizamın, qarşılıqlı ehtiramın və milli-mənəvi dəyərlərin inkişaf etdiyi müqəddəs bir məkandır. Bu baxımdan, ümumtəhsil məktəblərində müəyyən edilmiş geyim qaydalarının qanunvericiliyə uyğun, ardıcıl, şəffaf və hamıya bərabər tətbiqini vacib hesab edirik. Həmin qaydaların həyata keçirilməsi zamanı uşaqların ləyaqətinin qorunması, valideynlərin narahatlıqlarına həssas yanaşılması, müəllimlərin və məktəb rəhbərliklərinin məsuliyyətli davranması da xüsusi əhəmiyyət daşıyır. Biz hesab edirik ki, dövlətçiliklə dini-mənəvi dəyərlər arasında qarşıdurma yaratmaq qəbuledilməzdir. Bütün həmvətənlərimizi, xüsusilə valideynləri, müəllimləri, ziyalıları və gəncləri təmkinli olmağa, təxribatlara uymamağa, yoxlanılmamış məlumatları yaymamağa, milli maraqlarımızı və ictimai həmrəyliyimizi hər şeydən üstün tutmağa çağırırıq”, - deyə bəyanatda qeyd olunub.

