ABŞ Konqresinə Rusiyanın G7-yə qaytarılmasının əleyhinə olan qanun layihəsi təqdim olunub

Rusiyanın G7-yə qaytarılmasının əleyhinə ABŞ Konqresinə qanun layihəsi təqdim olunub.

APA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, qanun layihəsi Konqresə Demokratlar Partiyasının təmsilçisi Albio Sayres tərəfindən təqdim edilib.

Qanun layihəsinə görə, rəsmi Moskvanın beynəlxalq kluba qayıtması yalnız müəyyən şərtlər daxilində mümkündür. Konqresmen sənəddə Rusiyanın Ukraynanın ərazisini "işğal etdiyini" və "dünyanın demokratik ölkələrinə hücumlar etməsini" vurğulayıb. Onun sözlərinə görə, G7-yə qayıtmaq üçün Rusiya bu cür hərəkətlərdən imtina etməlidir.

 
"ABŞ Nümayəndələr Palatası bütün G-7 liderlərini Rusiyanın kluba geri qayıtmasına qarşı olmağa çağırır", - sənəddə deyilir.

Prezident Trampın Rusiyanın kluba qayıtmasını dəstəkləyərək ABŞ qanunlarına və beynəlxalq razılaşmalara qarşı çıxdığını qeyd edən konqresmen bu cür hərəkətlərin Vaşinqtonun mövqeyini zəiflətdiyini qeyd edib.