Dağ-mədən sənayesinin inkişafı ölkənin tərəqqisinin əsas meyarı kimi

İsrafil Cəlilov, “Azeri Mining Group” MMC-nin direktoru  

 

Hər bir milli iqtisadiyyatın və eləcə də dünya iqtisadiyyatının inkişafı təbii ehtiyatların istehsalının səviyyəsindən asılıdır. Dünya iqtisadiyyatı üçün zəruri olan təbii ehtiyatlar müxtəlif və rəngarəngdir. Bura enerji, torpaq, su, meşə, bioloji (bitki və heyvan aləmi), mineral (faydalı qazıntılar), iqlim və s. ehtiyatlar aiddir.

Dünya iqtisadiyyatının inkişafında bütün bu ehtiyatlardan istifadə edilməsi böyük əhəmiyyət kəsb edir. Sənayenin dirçəlişi və məhsuldar qüvvələrin inkişafında yerin təkindəki faydalı qazıntılar daha böyük rola malikdir. Ona görə də təqdim olunan yazıda yalnız mineral ehtiyatlardan söz açılacaqdır.
Mineral ehtiyatların istehsalı və istehlakı beynəlxalq əmək bölgüsü vasitəsi ilə bütün dünya ölkələrini əhatə edir. Yerin təkində və bəzən də yerin üst qatında çox böyük yanacaq ehtiyatı – kömür, neft, qaz, uran filizləri, müxtəlif mineral filizləri, inşaat materialları istehsalı üçün xammal və yeraltı şirin, termal və mineral sular mövcuddur. Bütün bunlar bərk, maye və qaz şəklindədir. Bu ehtiyatlar iqtisadi inkişafın ən zəruri şərti hesab edilir.
Hal-hazırda dünyada 250-dən artıq faydalı qazıntı və 200-ə yaxın qiymətli və bəzək daşları növü mövcuddur. Onların təsərrüfat fəaliyyətinə cəlb olunması uzun tarixi dövr ərzində tədricən formalaşmışdır. Lakin, istehsalın sürətli inkişafı dövründə mineral resurslardan istifadə dairəsi bəzi olkələrdə daha çox genişlənmiş və hətta bəzi sərvətlərin tükənmək və azalmaq ehtimalı çoxalmışdır.
Faydalı qazıntılar müasir iqtisadiyyatın başlıca istiqamətlərini müəyyən edən, həmçinin, iqtisadiyyatın inkişafını təmin edən əsas təbii bazadır. Onların çıxarılması və emalı ilə dağ - mədən sənayesi məşğul olur.
Dağ-mədən sənayesi ilkin təbii sərvətlər - mineral- xammalın çıxarılması ilə məşğul olduğuna görə onu ilkin istehsalat sahəsi adlandırırlar. Müəyyən olunub ki, dünyada çıxarılan mineral - xammalın 9/10-u yalnız 20 növ faydalı qazıntıya aid olunur. Bura istilik energetika xammalından nefti, təbii qazı, kömürü, qara metal filizlərindən-dəmir, manqan və xrom filizləri; əlvan və yüngül metallardan - boksitlər, mis, qurğuşun-sink, nikel, qalay, volfram, molibden, kobalt, vanadium, titan filizləri; nəcib metallar və qiymətli daşlardan-platin qrup metalları-qızıl, gümüş, almaz; dağ-kimya xammalından-kalium duzları, fosforitləri və kükürdü aid etmək olar. Lakin onların yer təkindən çıxarılma miqyası çox müxtəlifdir. Təbii ki, onların yer təkindən il ərzində istehsal olunması da fərqlidir. Qeyd olunan mineral resurslarından təkcə kömür, neft və dəmir filizlərinin hasilatı 1 milyard tondan artıqdır. Boksit və fosforitlər - yüzlərlə milyon ton; manqan, xrom filizləri, kalium duzları, kükürd - onlarla milyon ton; qurğuşun, sink, mis filizləri - milyonlarla; nikel, qalay, titan - yüz minlərlə ton; uran, volfrom, molibden, kobalt, gümüş-onlarla min tondur. Qızıln illlik istehsalı təxminən 2,3 min ton, platin isə 150 ton olur.
Hesablamalara görə dünyada 14,8 trln.t, o cümlədən 9,4 trln. t. daş kömür, 5,4 trln. t qonur kömür ehtiyatı vardır. Kəşf edilmiş ehtiyatlar ümumi ehtiyatın cəmi 8%-ə qədərdir. Kömür ehtiyatının 90%-dən çoxu Şimal yarımkürəsində cəmlənmiş və 54%-i Asiyanın, 28%-i Şimali Amerikanın, 9%-i Avropanın payına düşür. Dünya ölkələri arasında daha çox kömür ehtiyatına malik olan MDB, ABŞ və ÇXR-dır. Ümumi ehtiyatın 80%-i bu dövlətlərin ərazisindədır. Həm ümumi və həm də kəşf olunmuş ehtiyatın xeyli hissəsi iqtisadi cəhətdən inkişaf etmiş ölkələrin ərazisində yerləşir. İnkişafda olan ölkələrdən Hindistan, Botsvana, Latın Amerikasının bir çox ölkələri də kömür ehtiyatına malikdirlər. Dünyanın 83 ölkəsində kömür ehtiyatı kəşf edilmişdir.
Yuxarıda adı çəkilən faydalı qazıntıların aid olduğu sahələrin inkişafı da müxtəlif olmuşdur. Ötən əsrin 70-ci illərinin böhranı tək enerji böhranı deyildi, bu həm də xammal böhranı idi və mineral-xammalının qiymətlərinə ciddi təsir etmişdir. Bundan sonra ilk olaraq, Qərb ölkələri materialların qorunması ilə bağlı siyasət həyata keçirilməyə başladı. İkincisi, onlar dağ-mədən sahəsinin texniki cəhətcə yenidən qurulmasına başladılar. Bu da filiz və qeyri – filiz yataqlarının şaxta üsulu ilə istismardan açıq üsulla istismara üstünlük verməyə gətirdi. Məs: ABŞ-da hazırda çıxarılan mineral-xammalın 9/10 hissəsi açıq (karxana) üsulla həyata keçirilir. Üçüncüsü, ən vacib isə qərb ölkələri ilk növbədə məxsusi mineral-xammaldan istifadəyə üstünlük verməyə başladılar.
Kanada, Avstraliya, həmçinin, CAR kimi ölkələrin bu sahədə rolunun daha da artması onların dünya bazarında əlverişli mövqe tutması ilə nəticələndi. Beləki, bu ölkələrdə çıxarılan faydalı qazıntıların 80 – 90 % - i eksporta gedir. Bu şəkildə formalaşan beynəlxalq ixtisaslaşma nəticəsində dünyada bir sıra iri mineral-xammal rayonları ayrıldı. Bunlara Şimali və Qərbi Avstraliya, CAR, Kanadada Şimal əraziləri və Labradoru misal göstərmək olar. Bütün bunlarla yanaşı inkişaf etməkdə olan ölkələr hələ də qərb ölkələrinin mineral - xammal istehsalçıları olaraq qalırlar. Bu ölkələrdə hasil olunan xammal onların tələbatından 3 dəfə artıq olur ki, onun da “artıq qalmış” hissəsi eksporta gedir.
Qərbin iqtisadi cəhətcə inkişaf etmiş ölkələri mineral xammala olan tələbatının 1/3 – i Asiya, Afrika və Latın Amerikası ölkələrinin hesabına ödəyir.

Dünya dağ – mədən sənayesinin inkişafında
üç qrup ölkənin vəziyyəti
(XXI əsrin əvvəlinə olan məlumat)

Cədvəl 1


Cədvəl 1-dən Qərbin iqtisadi cəhətcə inkişaf etmiş ölkələri xrom filizlərinin, qurğuşunun, sinkin, molibdenin, qızılın, fosfor filizlərinin və kalium duzlarının, inkişaf etməkdə olan ölkələrdə isə boksitlərin, misin, gümüşün; keçmiş sosialist və sosialist ölkələrində isə dəmir və manqan filizlərinin,volframın çox istehsal olunduğu görünür.
Bəzi müəlliflər dünyanın dağ-mədən rayonlaşdırılma sxemini hazırlasalar da hələlik hamı tərəfindən qəbul edilmiş sxem yoxdur. Lakin, əksər iqtisadçı alimlərin və mütəxəsislərin hazırladığı sxemə görə aşağıdakı 9 dağ-mədən regionu ayrılır:
1)ABŞ, Kanada və Meksika; 2) Latın Amerikası; 3) Avropa; 4) MDB ölkələri; 5) Çin; 6) Şimali Afrika; 7) Saxaradan cənuba olan Afrika; 8) CAR; 9) Avstraliya.
Bütün bu regionlarda hazırda 8000-dən artıq dağ-filiz və dağ-kimya xammalı (yanacaq xammalından başqa), o cümlədən 1200 nəhəng (Şimali Amerikada 330, Afrikada 215, Latın Amerikasında 200, Qərbi Avropada 150, Avstraliyada 120 və s.) müəsisələri fəaliyyət göstərir.
Hazırda dağ-mədən sənayesi çox yüksək inkişaf etmiş 8 ölkə qeyd olunur ki, bunlara da Çini, Avstraliyanı, Rusiyanı, ABŞ-ı, Kanadanı, Braziliyanı, CAR-ı və Hindistanı aid edirlər. Bu ölkələrdə mədənçilik - dağ-mədən işi beynəlxalq ixtisaslaşmaya uyğun inkişaf etmiş və çoxsahəli xüsusiyyət daşıyır.
Bir qrup ölkələrdə - Ukraynada, Qazaxıstanda, Polşa'>Polşada, İndoneziyada, Peruda və Meksikada isə mədənçilik inkişaf etməkdədir. Bura onu da əlavə etmək olar ki, bəzi inkişaf etməkdə olan ölkələrdə dağ-mədən sənayesi ümumən inkişaf etməsə də onlar dünya ölkələrinin fonunda hansısa mineral-xammal istehsalına görə seçilirlər; məs. Çili mis; Qvineya və Yamayka boksit; Mərakeş isə fosfor filizlərinin istehsalına görə seçilir.

 

Dünya ölkələrində bir sıra filiz və qeyri-filiz xammalı çıxarılmasının XXI əsrin əvvəllərinə vəziyyəti

Cədvəl 2


*-metala çevirmə
**-K2O-ya çevirmə

Cədvəl 2-dən göründüyü kimi filiz yataqları daha geniş yayılmışdır. Məs: mis filizləri 50 ölkədə, dəmir filizləri 43 ölkədə, boksitlər 30 ölkədə, qalay və volfram filizləri 25 ölkədə, nikel 22 ölkədə, kobalt 15 ölkədə, molibden isə 12 ölkədə çıxarılır.
Qeyri-filiz xammalından ən çox dağ kimya xammalının çıxarılması əhəmiyyət kəsb edir. Bunlar ilk növbədə fosfor filizləridir ki, 30-dan artıq dünya ölkəsində çıxarılır, buna baxmayaraq onun ¾ hissəsi ABŞ, Çin, Mərakeş, MDB-də istehsal olunur. Bunu həmdə kalium duzlarına aid etmək olar. Onları əvvəlcə Qərbi Avropada, sonra ABŞ-da və Rusiyada daha çox çıxarırdılar, son zamanlar isə birincilik Kanadada möhkəmlənib, bu ölkədə adı çəkilən xammalın ən böyük resusları vardır.
Dünya təsərrüfatında yeni bir dağ - mədən sahəsi formalaşmağa başlayıb ki, bu da bərk mineral sərvətlərin dəniz və okeanlardan çıxarılmasıdır. Sualtı köklü yataqlar üçün qazmalar adətən sahildən, həmçinin təbii və suni adalardan aparılır. Hətta bəzən bu qazmalar sahildən 10-20 km məsafədə köklü süxurlarla 2 km məsafədə işlənilir. Bu cür istismar işləri Böyük Britaniya, Fransa, Finlandiya, Yunanıstan, ABŞ, Kanada, Çin, YAPoniya, Çili və Avstraliyada aparılır. Adətən bu qaydada dəmir, mis, nikel, qalay və civə çıxarılır. Daha çox sahil-səpinti yataqları-İndoneziyada, Taylandda və Malayziyada- qalay filizləri; ABŞ sahillərində-qızıl, ilmenit və sirkon, Hindistanda ilmenit, Baltikyanı ölkələrdə-kəhraba çıxarılır. Qeyd olunanlardan dünya dağ-mədən sənayesində əməyin coğrafi bölgüsünün xarakteri aydın olunur. İstehsal olunan bütün mineral xammalın əsas təlabatçıları Qərbi Avropa, YAPoniya və Amerikadır.
Yeraltı sərvətləri qıt olan YAPoniya, qismən isə Qərbi Avropa ölkələrinin mineral xammal sərvətlərini digər ölkələrdən almalarını anlamaq mümkündür; lakin ABŞ kimi nəhəng dağ-mədən sənayesinə malik ölkənin bir çox mineral sərvətlərə Kanadadan, Avstraliyadan, CAR-dan və inkişaf etməkdə olan ölkələrdən alması bir qədər təəccüb doğurur. Məqsəd təbii sərvətləri ucuz qiymətə alıb istifadə etmək, özününkünü isə gələcək üçün ehtiyatda saxlamaqdır.

ABŞ-ın bir sıra mineral xammal növlərindən
istifadə etməsinin vəziyyəti

Cədvəl 3

Bəs bizim ölkəmizdə dağ-mədən sənayesinin mövcud vəziyyəti necədir? Bildiyimiz kimi, Azərbaycan çox qədim dövrlərdən neft diyarı kimi tanınmışdır. Bununla yanaşı, Azərbaycan ərazisində aparılan arxeoloji qazıntılar zamanı tapılan əmək alətləri, zərgərlik və bəzək əşyaları hələ çox qədimlərdə bu ərazidə dağ-mədən işlərinin aparıldığına dəlalət edir. Orta əsr tarixçilərinin məlumatlarına görə o dövrdə Azərbaycanda mis, gümüş, qurğuşun filizləri aşkar edilmiş və istismar olunmuşdur. Geoloji fond məlumatlarına əsasən, XIX əsrin 40-cı illərindən XX əsrin 20-ci illərindək alman, rus və qismən də yerli sənayeçilər Daşkəsən kobalt, Gədəbəy, Bittibulaq və Balakən mis yataqlarında istismar və axtarış işləri aparmışlar.
Keçən əsrin 90-cı illərinədək filiz yataqlarından Daşkəsən dəmir filizi, Zəylik alunit, Gümüşlük, Ağdərə polimetal, Paraqaçay molibden filizləri yataqlarında istismar işləri aparılmışdır. Daşkəsən dəmir filizləri Gürcüstanın Rustavi metallurgiya zavoduna, Gümüşlük yatağının filizləri VladiQafqaz (keçmiş Orconikidze) elektrosink zavoduna, Paraqaçayın molibden filizləri və Qazaxıstanın Balxas Dağ-mədən Kombinatına göndərilirdi.
Son illərdə Gədəbəy mis-qızıl yatağının ehtiyyatları yenidən qiymətləndirilmiş və 2009-cu ildən “RV İnvestment” Şirkəti tərəfindən istismar işlərinə başlanılmışdır. Sevindirici haldır ki, Azərbaycan artıq qızıl istehsal edən ölkələr sırasına daxil olmuşdur.
Azərbaycan xalqının böyük oğlu-Ulu Öndər Heydər Əliyev ölkə rəhbərliyinə qayıdan zamandan yeraltı sərvətlərindən səmərəli və xalqın milli maraqları zəminində istifadə olunmasını zəruri hesab etmiş və bu işə milli və xarici investisiyaların cəlb olunmasını prioritet saymışdı.
Ölkəmizin mineral-xammal bazasının mövcud vəziyyəti və perspektivləri respublikanın dağ mədən sənayesinin inkişaf etdirilməsinə milli və xarici investisiyaları cəlb etməklə yaxın gələcəkdə dağ-mədən sənaye məhsulları və xammalının dünya bazarına inteqrasiya olunmasına geniş imkanlar yaradır.
Müstəqil, suveren, dünya iqtisadiyyatı inteqrasiyasına qoşulmuş Azərbaycan Respublikasının iqtisadiyyatının inkişaf etdirilməsi üçün xalq təsərrüfatının bugünkü və gələcək təlabatını ödəməyə qadir olan etibarlı mineral-xammal bazası yaradılmışdır.
Neft və qaz istisna olmaqla, respublika ərazisində faydalı qazıntıların intensiv öyrənilməsinə keçən əsrin ikinci yarısından başlanılmışdır. Ötən müddət ərzində 960-dan artıq sayda müxtəlif filiz, qeyri-filiz, tikinti materialları, mineral, termal, yodlu-bromlu və şirin yeraltı su yataqları aşkar edilmişdir. Respublikada bazar iqtisadiyyatı münasibətlərinin və sahibkarlığın inkişaf etdirilməsində qeyri-fıliz və tikinti materiallarının xammal bazası bu gün də önəmli rol oynamaqdadır.
Respublikamızda qızılçıxarma sənayəsinin yaradılması məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının bir sıra qızıl yataqlarının kəşfiyyatı və işlənməsi barədə” 1996-cı il 5 fevral tarixli sərəncamına uyğun olaraq 1997-ci il avqustun 20-də keçmiş “Azərqızıl” Dövlət Şirkəti ilə ABŞ-ın “RV İnvestment Qroup Services LLC” arasında Gədəbəy, Qoşa, Ordubad qrupu (Pyəzbaşı, Ağyurd, Şəkərdərə, Kələki), Söyüdlü, Qızılbulaq və Vejnəli perspektivli qızıl yataqlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş imzalanmışdır.
2009-cu ildən Gədəbəy qızıl-mis zavodu işə salınmışdır. Hazırda Gədəbəy və Qoşa qızıl yataqlarında istismar işləri aparılır. Artıq ilk Azərbaycan qızılı dünya birjalarındadır. Yaxın illərdə əlavə bir neçə qızıl emalı zavodlarının işə düşməsi nəzərdə tutulur.
Daşkəsən rayonunda yerləşən zəngin dəmir və kobalt filizləri yataqlarının mineral ehtiyatlarından səmərəli istifadə olunması ilə bağlı böyük tədbirlər həyata keçirilməkdədir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin çıxışlarında qeyri-neft sektorunun inkişaf etdirilməsinə xidmət edən və müasir tələblərə cavab verən istehsal, sosial və bazar infrastrukturu şəbəkəsi yaradılması prioritet hesab olunur.
Ölkəmizin mineral-xammal bazasının mövcud vəziyyəti və perspektivləri Azərbaycan Respublikasının dağ-mədən sənayesinin inkişaf etdirilməsinə milli və xarici investisiyaları cəlb etməklə yaxın gələcəkdə dağ-mədən sənaye məhsulları və xammalının dünya bazarına inteqrasiya olunmasına geniş imkanlar yaradır. Hesab edirik ki, Azərəbaycanın mineral-xamal bazasının mövcud imkanları onu yaxın illərdə yuksək dərəcədə inkişaf etmiş dağ-mədən sənayesinə malik olan bir Respublikaya çevirəcəkdir.