Trampın impiçmenti proseduru başladı

Konqres prezident Donald Trampın impiçmenti proseduruna başlayır.

"RİA-Novosti” agentliyi xəbər verir ki, bu haqda ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri, demokrat Nensi Pelosi bildirib.

"Mən bu gün elan edirəm ki, Nümayəndələr Palatası impiçmentin rəsmi araşdırmasına başlayır”, - Pelosi xüsusi müraciətlə çıxış edərək deyib.

Onun sözlərinə görə, Trampın hərəkətləri onun "prezidentliyə, milli təhlükəsizliyə və seçkilərin bütövlüyünə xəyanət etdiyini” göstərir. Çıxışı bitirdikdən sonra Pelosi jurnalistlərin suallarını cavablandırmaqdan imtina edib.

 

Qeyd edək ki, Pelosi Ukrayna prezidenti Vladimir Zelenski ilə Trampın 2019-cu ilin iyulunda keçirdiyi telefon danışığını impiçment üçün əsas hesab edir. Xəbər agentliklərinin bildirdiyinə görə, Donald Tramp sabiq vitse-prezident və ABŞ prezidentliyinə demokrat namizəd Co Baydenin oğlu ilə bağlı araşdırılma aparılmasını tələb edirdi. Demokratlar məhz bunda "seçkilərin bütövlüyünün pozulmasını” görürlər.

Trampın impiçmentinin rəsmi prosedurunun başlanılması çağırışını daha əvvəl Nümayəndələr Palatasının üzvü Con Lyuisi edib.

Mənbələrə istinadən "Washington Post” qəzetinin yazdığına görə, Pelosi bağlı qapılar arxasında Demokratla Partiyanın anonim üzvü ilə müşavirə keçirib. Onlar, xüsusi halda, Trampın mümkün impiçmentinin keçirilməsi üçün xüsusi komitənin yaradılmasını müzakirə ediblər.

Nensi Pelosinin çıxışına Trampın reaksiyası gecikməyib. O bildirib ki, demokratlar bununla "BMT-də əhəmiyyətli günü” korlamağa qərar veriblər.

Qeyd edək ki, ABŞ tarixində impiçmentin proseduru üç prezidentlə bağlı işə salınıb: 150 il əvvəl – 1868-ci iildə Endrü Conson, 1974-cü ildə Riçard Nikson və 1998-ci ildə Bill Klinton. Conson və Klinton Senatda bəraət qazandığı halda, Niksonla bağlı səsvermə olmayıb, çünki özü istefa verib.

İmpiçment qaydalarına görə, prosedur federal işçilərin, o cümlədən ABŞ prezidentini vəzifədən uzaqlaşdırmaqla "dövlətə xəyanət, rüşvət və ya digər ağır cinayət və qanun pozuntularında” ittiham edərək mühakimə edilməsini nəzərdə tutur./publika.az