Geoloq alimlərimizin elmi məqaləsi dünyanın yüksək reytinqli jurnalında dərc edilib
AMEA-nın Geologiya və Geofizika İnstitutunun Palçıq vulkanizmi şöbəsinin rəhbəri, geologiya-mineralogiya elmləri doktoru, professor Adil Əliyevin, həmin şöbənin aparıcı elmi işçisi, yer elmləri üzrə fəlsəfə doktoru, dosent Orxan Abbasovun və elmi işçi Elnur Baloğlanovun həmmüəllifi olduqları məqalə neft geologiyası sahəsində dünyanın yüksək reytinqli “Marine and Petroleum Geology” jurnalında dərc edilib.
İnstitutdan bildirilib ki, Azərbaycan və fransız alimlərinin çoxillik tədqiqatlarıının nəticələri əsasında ərsəyə gəlmiş məqalə palçıq vulkanlarının morfoloji formalarının əmələ gəlməsini, o cümlədən vulkan qurğusunun təkamülü üçün yeni modellərın və qanunauyğunluqların müəyyənləşdirilməsini ehtiva edir.
Palçıq vulkanizmi problemi ilə bağlı tədqiqatlar aparmış yerli və fransız alimlərin əldə etdikləri yeni analoji elmi nəticələr, həmçinin Avstriyada, Norveçdə, Fransada və Amerikada reallaşmış ən nüfuzlu elmi konfranslarda məruzə olunub.

