ABŞ hərbçiləri Türkiyə ordusunun Suriyanın şimalında aparacağı əməliyyatlara qatılmayacaq

ABŞ Suriyanın şimalında keçiriləcək əməliyyatları dəstəkləməyəcək və orada iştirak etməyəcək.

Bu barədə açıqlama Ağ evin yaydığı bəyanata yer alıb.

“Bu gün ABŞ Prezidenti Donald Tramp Türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla telefon danışığı aparıb. Türkiyə yaxın zamanlarda Suriyanın şimalında planlaşdırdığı əməliyyatlara başlayacaq. ABŞ Silahlı Qüvvələri bu əməliyyatları dəstəkləməyəcək və orada iştirak etməyəcək”, - deyə prezident administrasiyası bildirib.

Bir qədər əvvəl Türkiyə və ABŞ liderləri telefon danışığı zamanı Suriyanın şimal-şərqində təhlükəsizlik zonasının yaradlması məsələsini müzakirə ediblər. Prezidentlər, həmçinin noyabr ayında Vaşinqtonda görüşərək danışıqlar aparmaq barədə razılığa gəliblər.

Qeyd edək ki, Ankara Suriyanın şimal rayonlarını terrorçulardan təmizləməyi və həmin ərazilərdə suriyalı qaçqınları yerləşdirməyi planlaşdırır. Bölgədə təhlükəsizlik zonasını ABŞ-la birgə yaratmaq barədə razılıq əldə olunsa da, sonradan bu planın reallaşdırılması dalana dirəndi.