Plovdağ yaşayış yerində yeni maddi mədəniyyət nümunələri aşkarlanıb

Hər il olduğu kimi, bu il də Naxçıvan ərazisində yerli və beynəlxalq ekspedisiyalar tərəfindən arxeoloji qazıntılar aparılıb və çox sayda yeni maddi mədəniyyət nümunələri aşkarlanıb.

AMEA Naxçıvan Bölməsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, bu barədə Ordubad rayonu ərazisində yerləşən Plovdağ yaşayış yerində aparılan arxeoloji ekspedisiyanın yekunlarına həsr olunan tədbirdə ətraflı danışılıb.

Bölmənin sədri, akademik İsmayıl Hacıyev Ordubad ərazisində fəaliyyət göstərən Xaraba Gilan arxeoloji ekspedisiyasının tədqiqatlarından bəhs edib, ərazidə qazıntı işlərinin AMEA-nın Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Bəhlul İbrahimli tərəfindən həyata keçirildiyini bildirib.

Bəhlul İbrahimli çıxış edərək Plovdağ Tunc dövrü yaşayış yerində aparılan arxeoloji ekspedisiyanın yekununa dair ətraflı məlumat verib. Arxeoloq alim qeyd edib ki, Plovdağ yaşayış yerində 2004-cü ildən başlayaraq arxeoloji tədqiqatlar aparılır. Abidə bütünlüklə Tunc dövrünü əhatə edir. Tədqiqatlar nəticəsində ərazidən həmin dövrə aid fərdi evlərin qalıqları, yardımçı tikililər, yaşayış yerindən və nekropollardan xeyli sayda dən daşları, toxalar, baltalar, qara və boz rəngli keramika nümunələri, ocaq qurğuları aşkar olunub. Tapılan daş alətlər Orta Tunc dövrü üçün xarakterik materiallardır. O bildirib ki, ekspedisiya zamanı ərazidən aşkar edilən həmin materiallardan 300-ə yaxını muzeylərə təqdim ediləcək.

Sonra o, iştirakçıların suallarını cavablandırıb.

Tədbirdə bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərli, institutun Qədim dövr arxeologiyası şöbəsinin müdiri, Naxçıvan şəhər arxeoloji ekspedisiyasının rəhbəri, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev və Arxeoloji xidmət şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Zeynəb Quliyeva çıxış edərək, Plovdağ yaşayış yerində aşkar olunan Erkən Tunc dövrü arxeoloji materialların Azərbaycan və Naxçıvan arxeologiyası üçün əhəmiyyətini qeyd ediblər.

Sonda Plovdağ yaşayış yerində tədqiqat zamanı aşkar olunan arxeoloji materialların videogörüntüləri nümayiş etdirilib.