Yaponiyada "Hagibis" qasırğası səbəbindən 1600-dən çox təyyarə reysi ləğv olunub

Oktyabrın 12-də çox güclü “Hagibis” tufanının yaxınlaşması ilə əlaqədar Yaponiya aviaşirkətləri 1600-dən çox daxili reysi təxirə salıb.

Aviaşirkətlər əsasən “Narita” və “Haneda” aeroportlarından olan və bütün ölkə ərazisinə uçan reysləri müvəqqəti dayandırdıqlarını elan ediblər. Həmin aeroportlardan “All Nippon Airways” 558, “Japan Airlines” 540, “Skymark Airlines” 111, “Jetstar” 102, “Fuji Dream Airlines” 62, “AIRDO” 60, “Peach Aviation” 58, “Star Flyer” 57, “Solaseed Air” 48, “Japan Transocean Air” 17, “Spring Airlines Japan” 10, “AirAsia Japan” 8 və “Japan Air Commuter” isə 6 reysi təxirə saldığını elan edib.

Bundan əlavə, təxirə salmalar “All Nippon Airways” şirkətinin 131, “Japan Airlines” şirkətinin 92 beynəlxalq reysinə də tətbiq edilib.

 
Sənaye naziri İsşu Suqavara təşkil etdiyi mətbuat konfransında əhalini ehtiyatlı olmağa, ehtiyac yaranmayacağı təqdirdə evdən çıxmamağa çağırıb. Eyni zamanda, xəstəxanaların və su təchizatı idarələrinin rəhbərlərindən ehtiyat generatorları hazır vəziyyətdə saxlamaq tələb olunub.

Tufan bir çox marketlər şəbəkəsinin işinin dayanmasına da səbəb olub. Belə ki, “İto Yokado” marketlər şəbəkəsi Tokioda və digər prefekturalarda yerləşən 124 mağazasının oktyabrın 12-də işləməyəcəyini bəyan edib. Tanınmış “Aeon” və “Seiyu” kimi böyük marketlər şəbəkələri də qapılarını alıcıların üzünə bağlayıblar. Yerli əhalinin əsasən çörək və un məhsullarını, batareyaları, qablaşdırılmış suyu alması nəticəsində marketlərdə satış səviyyəsinin adi günlərlə müqayisədə dörd dəfədən çox artdığı bildirilir.