BŞTİ müdiri: Paytaxt məktəblərinin 85 faizindən çoxuna ərazi prinsipi tətbiq olunmur

Paytaxt məktəblərinin böyük əksəriyyətinə, yəni 85 faizindən çoxuna ərazi prinsipi tətbiq olunmur.

Bunu “Bakı təhsili: Uğurlar və hədəflər” mövzusunda təşkil olunmuş konfransda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Rəşad Tağıyev bildirib.

Onun sözlərinə görə, məktəbəhazırlıq qrupunda təhsil almış uşaq üçün sistem tərəfindən təhsil aldığı məktəb və müəllim avtomatik seçilir:

 
“Yəni məktəbəhazırlığa cəlb olunmuş uşaqların birinci sinfə qəbulu üçün valideynlərindən sadəcə elektron ərizəni çap edərək məktəbə təqdim etmək tələb olunur.

Tədrisi digər dillərdə aparılan bölmələrdə tədrisin keyfiyyətinin artırılması məqsədilə şagird qəbulu müsahibə prosesi əsasında  həyata keçirilib. Paytaxtın 12 rayonu üzrə doqquz mərkəzdə yaradılmış müvafiq komissiyalar tərəfindən aparılmış müsahibələrdə müvafiq şifahi nitq bacarığı olan uşaqlar uğur qazanıblar”.

“Birinci sinfə qəbul üçün elektron qeydiyyat şagird sıxlığı ilə əlaqədar problemləri vaxtında müəyyənləşdirib prosesin düzgün və səmərəli idarəolunmasını təmin etməyə, şagird kontingentinin uçot sistemini təkmilləşdirməyə, şagird yerlərinin və ya pedaqoji kadrların çatışmazlığı ilə bağlı problemləri vaxtında aşkar edilib.

Bəzi məktəblərdə süni şagird sıxlığının qarşısını almaq məqsədilə qəbul, ilk növbədə, prioritetlər əsasında aparılır və bu proses sistem tərəfindən tənzimlənir. Ümumilikdə, paytaxt məktəblərinin böyük əksəriyyətinə, yəni 85 faizindən çoxuna ərazi prinsipi tətbiq olunmur”, - deyə BŞTİ-nin müdiri qeyd edib.

R.Tağıyev çıxışı zamanı bildirib ki, 2019-2020-ci dərs ilində ümumilikdə paytaxt üzrə 48 763, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin I sinfinə isə 46 293 uşaq qəbul edilib:

“I sinfə şagird qəbulu zamanı şəxsiyyət vəsiqəsi ilə qeydiyyatdan keçirilən uşaqların sayı ilbəil artmaqdadır. Belə ki  2015-2016-cı tədris ilində şəxsiyyət vəsiqəsi ilə qeydiyyatdan keçənlər 5 faiz, 2016-2017-ci tədris ilində 48 faiz, 2017-2018-ci tədris ilində 67 faiz, 2018-2019-cu tədris ilində 89 faiz təşkil edirdisə, 2019-2020-ci dərs ilində isə bu göstərici 90 faizə yüksəlib”.