Dövlətçilik və əqidə...

Heydər Əliyev: "Böyük siyasəti kiçik hisslərə, xırda mənfəətlərə bağlamaq olmaz”

Hər bir qarış torpağı üçün can verməyə hazır olduğumuz, qürurumuz və vətənimiz Azərbaycan qədim dövlətçilik ənənələrinə sahibdir. Dövlətçilik təfəkkürü insanların vətənpərvərlik ruhunda tərbiyə olunmasını, onlarda fəal vətəndaş mövqeyinin formalaşdırılmasını, ölkənin ictimai həyatında fəal iştiraka hazır olması və buna səylər göstərməsi məqsədini güdür.

Ulu öndər Heydər Əliyev müasir və müstəqil Azərbaycan dövlətinin qurucusu və mükəmməl dövlət idarəçiliyi konsepsiyasının banisidir. O, xalqa və vətənə sonsuz sevgisi, dövlətçiliyə hədsiz sədaqəti ilə indiki və gələcək nəsillərə örnək ola biləcək bir fəaliyyət nümunəsi, ölkəmizin davamlı inkişafının uzun ömürlülüyünü təmin edən mükəmməl irs, siyasi məktəb miras qoyub. Məhz ulu öndər Heydər Əliyev öz xalqına sədaqətini 1969-1982-ci illərdə daha geniş şəkildə nümayiş etdirərək Azərbaycanda çox mühüm əhəmiyyətli sənaye, kənd təsərrüfatı, səhiyyə, təhsil, mədəniyyət obyektlərinin tikilməsində və xalqımızın dünya miqyasında tanınmasında, azərbaycanlı gənclərin respublikadan kənarda təhsil almasında, nəqliyyatın, rabitənin inkişafinda əvəzsiz işlər görüb.

1992-ci ilin may-iyun aylarında təxribatla, zorakı vasitələrlə hakimiyyətə gələn cəbhə-müsavat cütlüyü dövründə ölkədə dərəbəylik, özbaşınalıq, hərc-mərclik, satqınlıq baş alıb gedirdi. Nəticədə 1993-cü ilin iyununda Azərbaycan dövlətçiliyi ən ağır böhtan və dağılma təhlükəsi ilə üzləşdi, ölkə vətəndaş müharibəsi və parçalanma həddinə çatdırıldı. 4 iyun 1993-cü ildə Gəncədə "Tayfun" əməliyyatı zamanı o zamankı hakimiyyətin Baş Prokuroru İxtiyar Şirinov əsir götürülmüş və prezident Əbülfəz Əliyevin həbsi barədə orderə imza atılmışdı. Ölkənin belə bir ağır dövründə prezident Əbulfəz Əliyev hakimiyyəti qəflətən tərk edərək Naxçıvana, doğma kəndi Kələkiyə getdi.

Dövlətçiliyimizin əbədi müstəqillik strategiyasının banisi 1993-cü ildə hərc-mərcliyin, vətəndaş müharibəsinin, regionlara parçalanmaq təhlükəsinin qarşısını almaq üçün xalq tərəfindən hakimiyyətə dəvət edilmiş ümummilli lider Heydər Əliyev oldu. Həmin ilin 15 iyun tarixində böyük siyasətçi Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi və iyunun 23-də ona Prezidentin səlahiyyətlərini həyata keçirmək həvalə olundu. 1993-cü il oktyabrın 3-də Heydər Əliyev Azərbaycan Respublikasiının Prezidenti seçildikdən sonra dövlətçilik missiyası və xilaskarlıq yeni mərhələyə qədəm qoydu. Dahi şəxsiyyət tərəfindən 1993-cü ildən başlayaraq ölkədə ictimai-siyasi sabitlik yaradıldı, 1994-cü ilin oktyabr və 1995-ci ilin mart çevrilişlərinin qarşısı alındı, silahlı qruplaşmalar ləğv edildi və ordu quruculuğu diqqət mərkəzində saxlanıldı. 1993-cü ilin dekabrından 1994-cü ilin yanvarın 6-dək uğurlu Horadiz əməliyyatı aparıldı, Horadiz qəsəbəsi və 22 kənd düşməndən azad edildi.

1995-ci il noyabrın 12-də ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə müasir və müstəqil Azərbaycanımızın Konstitusiyası qəbul edildi, 1998-ci il fevralın 10-da Şərqdə ilk dəfə olaraq ölüm hökmü ləğv edildi.

Ağır geosiyasi şəraitdə Azərbaycanın gələcəyi və müstəqilliyimizin əbədiliyi naminə ulu öndər Heydər Əliyev Bakı-Tbilisi-Ceyhan neft kəməri müqaviləsinin imzalanmasına nail oldu. İsa Qəmbər 1998-ci il dekabrın 15-də "Yeni Müsavat" qəzetinə müsahibəsində təmsil olunduğu hakimiyyətin həmin kəmərin İranın şimalından keçməsinə üstünlük verməsi barədə ümumi rəyin formalaşdığını deyib: "Bu istiqamətdə işçi qruplar yaradılmış, araşdırma aparılmışdı".

Müsavat Partiyasının və Demokratik Konqresin əsas ixrac kəməri marşrutunun İran variantını müdafiə edən bəyanat da bu mövqeyin bir daha təsdiqi kimi qiymətləndirilirdi. Həmin qəzetin 1999-cu il 20 noyabr tarixli sayında isə müsavatçı S.Əkbər "İran variantı milli hakimiyyətin mövqeyi idi" fikrini bildirmişdi. Xalqımızın milli mənafelərinə zidd olan Cəbhə-Müsavat variantı iflasa uğradı. Ümummilli lider Heydər Əliyevin uzaqgörən, düşünülmüş neft strategiyası uğurla həyata keçirildi, dövlətimizin inkişafı və təhlükəsizliyi, həmçinin xalqımızın sosial rifahı üçün mühüm baza formalaşdı.

Ümummilli lider Heydər Əliyev ideyaları müasir Azərbaycanda milli ideologiyanın formalaşmasının təməl daşı olub. Ulu öndər Heydər Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 6-cı ildönümü münasibəti ilə tədbirdə deyib:

"Dövlətçilik bu gün və gələcəkdə bizim hər bir vətəndaşımızın, cəmiyyətin, dövlətin əsas vəzifəsidir. Dövlətçilik Azərbaycanın müstəqilliyini, ərazi bütövlüyünü qoruyub saxlamaq, müstəqilliyini möhkəmləndirməkdir. Dövlətçilik hər bir vətəndaşın qəlbində olmalıdır, hər bir vətəndaş vətənpərvərlik hissləri ilə yaşamalıdır. Milli vətənpərvərlik hissləri hər bir vətəndaşda o qədər güclü olmalıdır ki, milli mənafeyi öz şəxsi mənafeyindən, yaşayışından, həyatından - hər şeydən üstün tutsun".

Azərbaycan xalqının müstəqillik, milli həmrəylik mübarizəsi tarixində fenomen şəxsiyyət Heydər Əliyevin böyük rolu olub. Azərbaycan Respublikasinın Prezidenti İlham Əliyev tərəfindən bu siyasət böyük peşəkarlıq, yeni təfəkkür və müasir yanaşma tərzi ilə uğurla davam etdirilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yürütdüyü siyasətin ana xətti dövlət müstəqilliyimiz və xalqa layiqli xidmət prinsipidir.

Bu barədə möhtərəm dövlət başçımız deyib:

 
"Azərbaycan Respublikasının Prezidenti kimi mən gələcək fəaliyyətimdə də Heydər Əliyev siyasətini davam etdirəcəyəm. Bu siyasətin əsas prioritetlərini Azərbaycan dövlətçiliyinin daha da möhkəmləndirilməsi, ölkəmizin ərazi bütövlüyünün bərpa olunması, qaçqın və köçkün vəziyyətinə düşmüş soydaşlarımızın öz doğma yurdlarına qayıtması, əhalinin sosial vəziyyətinin durmadan yaxşılaşdırılması, ölkəmizin beynəlxalq aləmdə əlaqələrinin daha da genişləndirilməsi, Azərbaycanın dünya birliyinə, o cümlədən Avropa xalqları ailəsinə daha çox inteqrasiya olunması təşkil edir".

Cənab Prezident İlham Əliyev Azərbaycanımızın beynəlxalq aləmdə nüfuzunun artmasına, ölkəmizin iqtisadi və siyasi yüksəlişinə, əhalinin sosial vəziyyətinin yaxşılaşmasına böyük töhfə verib. Möhtərəm Prezident İlham Əliyevin Rusiyada "Valday" Beynəlxalq Diskussiya Klubunun sessiyasında və Türkmənistanda MDB Dövlət Başçıları Şurasının iclasındakı çıxışları və qətiyyətli mövqeyi ölkə əhalisi tərəfindən böyük rəğbətlə qarşılanıb. Ermənistan küncə sıxılmış və hərc-mərclik vəziyyətindədir, gec-tez müdrik rəhbərimiz və liderimiz cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Dağlıq Qarabağ və ətrafındakı işğal olunmuş rayonlarımız geri qaytarılacaqdır.

Hörmətli Mehriban xanım Əliyeva Birinci vitse-prezident kimi ölkəmizdə bir çox sosial, humanitar və iqtisadi layihələrin həyata keçirilməsində yaxından iştirak etmiş və bu işlər uğurla davam etdirilir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev və Mədəniyyət Fondlarının prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva dövlətçiliyimizin inkişafı və təhlükəsizliyində möhtərəm Prezidentimiz cənab İlham Əliyevə böyük köməklik göstərir və dəstək verir. Təkcə Heydər Əliyev Fondunun Azərbaycan Respublikasının hüdudlarından kənarda görülən işlərini nəzərdən keçirsək, bunun əyani şahidi olarıq:

"13 sentyabr 2005-ci il tarixində Parisdə UNESCO-nun iqamətgahında akademik Yusif Məmmədəliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş mərasim, UNESCO-nun 60 illiyinə həsr edilmiş "Sivilizasiyalararası dialoq" çərçivəsində "Azərbaycan: Mədəniyyətlərin və sivilizasiyaların qovuşuğunda" keçirilmiş tədbir, Xocalı soyqırımının 15-ci ildönümü ilə əlaqədar Rusiya, Fransa, Türkiyə, Macarıstan, Rumıniya, Belçika, Çex Respublikası və İsveçrədə keçirilən tədbirlər, 10 noyabr 2009-cu ildə Avropa Parlamentində Azərbaycan mədəniyyət günlərinin keçirilməsi, 29 noyabr 2011-ci ildə Vatikanda Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa edilməsinin 20-ci ildönümünə həsr edilmiş mərasim, 24 fevral 2012-ci ildə Sarayevoda "Dostluq" parkı və "Xocalı" soyqırım qurbanlarının xatirəsinə ucaldılmış abidənin, 20 aprel 2012-ci ildə Romada Nizami Gəncəvinin abidəsinin, 23 noyabr 2012-ci ildə Moskvada Mirzə Fətəli Axundzadənin abidəsinin, 26 fevral 2014-cü il tarixində Ankarada "Xocalı" soyqırım abidəsinin, 18 fevral 2016-cı ildə Belçikada Xurşudbanu Natəvanın heykəlinin, 8 oktyabr 2016-cı ildə Fransanın Konyak şəhərində Məhsəti Gəncəvinin heykəlinin, 20 oktyabr 2018-ci ildə Türkiyənin Kayseri şəhərində "Xocalı" parkı və "Xocalı" şəhidləri abidəsinin, 19 noyabr 2018-ci ildə Moskvada Nəsiminin büstünün açılışları, 19 sentyabr 2016-cı ildə Parisdə "Azərbaycan şəhərciyi"nin rəsmi açılışı, 25 iyun 2017-ci ildə İtaliyada Azərbaycan Film Festivalının keçirilməsi, 14 iyul 2019-cu ildə Fransanın Kann şəhərində Azərbaycan mədəniyyəti günlərinin keçirilməsi".

Məhz bu gün cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bütün sahələrdə sürətlə irəliləyir və beynəlxalq arenada böyük nüfuza malikdir. 2003-cü il oktyabrın 15-də cənab İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi, 16 il ərzində ölkəmiz Cənubi Qafqazın lider dövlətinə çevrildi. İqtisadiyyatın 3 dəfədən çox artması, dövlətimizə 270 milyard dollardan çox sərmayə qoyuluşu, Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin çəkilişi, TANAP və TAP layihələrinin reallaşdırılması, Azərbaycanın ən islahatçı 20 ölkə arasında olması bunun bariz nümunəsidir. 14-15 oktyabr tarixlərində Türk Şurasının 7-ci Zirvə Görüşünün Bakıda keçirilməsi də böyük tarixi hadisə və cənab Prezident İlham Əliyevin misilsiz xidmətləridir.

Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin müdrik və dinamik siyasəti nəticəsində ölkəmizin inkişafı, sabitliyi və iqtisadi qüdrəti bəzi qüvvələri narahat edir. Dövlətimizin gücünü istəməyən qüvvələr bəzi vətən xainlərindən istifadə edirlər. Bu gün dövlətçiliyimizə, onun inkişafına zərər verməyə çalışan bəzi qüvvələrin, keçmiş Cəbhə-Müsavat ünsürlərinin, xalqımızın milli adət-ənənələrinə zidd olan "söyüş" taktikası seçmiş mühacirətdə olan soydaşlarımızın əməllərini qətiyyətlə pisləyir, xalqımızı möhtərəm Prezidentimiz İlham Əliyevin ətrafında sıx birləşməyə və bütün qüvvəmizi ağrılı yerimiz olan Qarabağı azad etmək üçün sərf etməyə səsləyirəm.

Zakir GÖYÜŞLÜ

Texnika elmləri üzrə fəlsəfə doktoru