DSX: Axtarışda olan şəxslər və narkotik alverçiləri saxlanılıb

Oktyabrın 16-da Füzuli rayonunun Bala-Bəhmənli kəndi yaxın­lığında yer­lə­şən sərhəd zastavasının xidməti ərazisində, İrandan Azərbaycan isti­qa­mətində dövlət sərhədini pozmuş Cəbrayıl rayon sakini 1990-cı il təvəllüdlü Quluzadə Müşfiq Mehman oğlu saxlanılıb.

Dövlət Sərhəd Xidmətindən verilən məlumata görə, ilkin araşdırma zamanı sərhəd pozucusunun 2017-ci ildə rəsmi qaydada ölkə ərazi­sini tərk edərək İrana get­məsı, ba­rəsində cinayət işinin aparıl­ması və 2017-ci ildən etibarən Azərbaycan  hüquq-mühafizə orqanla­rı tərəfindən axtarışda olması müəyyən­ləş­diril­ib.

17 oktyabr 2019-cu il tarixdə “Astara” dövlət sərhədindən buraxılış məntə­qə­sində İrandan Azər­bay­cana gələn İran və­tən­daşları 1985-ci il təvəllüdlü Bahonar Bastak Abad Salah Salehin və 1992-ci il təvəllüdlü Yousefkikani Şirzad Aminin üzərinə sərhəd və gömrük baxışı keçiri­lərkən, daxili orqanlarından 630 qram narkotik vasitə aşkar olunaraq götürül­üb. Narkotik vasitələrin qanunsuz dövriyyəsinin digər iştirakçılarının müəy­yən­ləş­di­ril­məsi və cinayət məsuliyyətinə cəlb edilməsi istiqamətində Dövlət Sərhəd Xidmətinin və Daxili İşlər Nazirliyinin əmək­daşlarının birgə keçirdikləri əməliy­yat-axtarış tədbirləri nəticəsində İran vətəndaşlarını qarşılayan AR vətəndaşı Astara rayonunun Ərçivan kənd sakini 1969-cu il təvəllüdlü Cavadov Qadir Adil oğlu şübhəli şəxs qismində saxlanılıb.

18 oktyabr 2019-cu il tarixdə Xaçmaz  rayonu Yalama kəndi yaxınlığında yer­lə­şən sərhəd zastavasının xidməti ərazisində Rusiya Federasiyasından Azər­­baycan Respub­likası isti­qa­mətində dövlət sərhədini pozmuş Bakı şəhər sa­ki­ni 1993-cü il təvəl­lüdlü Bayramov Kamran Vidadi oğlu saxlanılıb. Araş­dır­ma zamanı sərhəd pozu­cu­sunun ba­rəsində cinayət işinin aparıl­ması və 2012-ci il­dən etibarən Azərbaycan Respub­lika­sının hüquq-mühafizə orqanla­rı tərəfindən ax­tarışda olması müəyyən­ləş­diril­ib.

Hər 3 cinayət faktı ilə bağlı aidiyyəti üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.