ABŞ Nümayəndələr Palatasında prezidentin impiçmenti məsələsinə dair səsvermə keçiriləcək

ABŞ Nümayəndələr Palatasındakı demokratlar elan ediblər ki, Prezident Donald Trampın impiçmenti məsələsi üzrə təhqiqat prosedurunun rəsmiləşdirilməsinin məqsədəuyğunluğunun müəyyən etmək üçün cümə axşamı səsvermə keçiriləcək.


Palata üzvləri qaydalar komitəsinin Massaçusets ştatından olan sədri Cim MakHovernin qətnaməsinə dair səsvermə keçirəcəklər. Qətnamədə Donald Trampın Ukrayna Prezidenti Vladimir Zelenskini keçmiş vitse-prezident Co Bayden və onun oğlu, əvvəllər Ukrayna qaz şirkətində işləmiş Hanter Baydenin barəsində təhqiqat aparmağa məcbur etməyə çalışması barədə məlumatlar daxil olandan sonra başlanmış təhqiqat üzrə növbəti addımlar şərh ediləcək.


Co Bayden 2020-ci il prezident seçkilərinə Demokratlar Partiyasında namizədliyə əsas iddiaçılardan biridir. Qətnamənin mətni hələ dərc edilməyib, lakin MakHovern deyib ki, bu qətnamə impiçment işi üzrə təhqiqatın davamı üçün müəyyən addımları təmin edəcək.


Nümayəndələr Palatasının spikeri Nensi Pelosi bildirib ki, hüquqi baxımdan belə qətnamə qəbul edilməsinə ehtiyac yoxdur, lakin Palata "Tramp administrasiyasının sənədləri gizlədə, şahidlərin ifadə verməsinə əngəl törədə, məhkəməyə çağırışa məhəl qoymamağa və ya Nümayəndələr Palatasının təhqiqatına maneçiliyi davam etdirə bilməsi barədə hər hansı şübhələri aradan qaldırmaq üçün” səsvermə keçirilməsini qərar alıb.