Nazir açıqladı: Yararsız avtomobillərlə bağlı proqram hazırlanır

Hazırda istismar olunan 1 milyon 402 mindən artıq nəqliyyat vasitəsindən 35 fazinin istehsal tarixi 10 il,  23 faizinin istehsal tarixi 20 ildən daha 19,1 faizinin istehsal tarixi isə 30 ildən yuxarıdır. 

Bunu YAP-ın Qərargahında keçirilən mətbuat konfransında Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev bildirib.

Onun sözlərinə görə, 2016-cı illə müqayisədə, 2018-ci ildə avtomobil idxalı beş dəfədən çox artıb:

 
“Nəqliyyat sektorundan atmosferə zərərli təsirlərin azaldılması üçün ölkənin avtomobil parkının yenilənməsi, habelə ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrindən istifadənin genişləndirilməsini təşviq edən müxtəlif vergi, gömrük güzəştləri, subsidiyaların tətbiq edilməsi səmərəli ola bilər.

Ölkədə ekoloji vəziyyəti yaxşılaşdırmaq, eləcə də, yerli avtomobil istehsalını stimullaşdırmaq məqsədilə köhnəlmiş, texniki təhlükəsizlik baxımından və ekoloji cəhətdən yararsız nəqliyyat vasitələrinin dövriyyədən çıxarılması məqsədilə İqtisadiyyat Nazirliyi tərəfindən nəqliyyat vasitələrinin utilizasiyası proqramı hazırlanır”.

M.Babayev qeyd edib ki, atmosfer havasına atılan tullantıların zərərsizləşdirilməsi məqsədilə ölkənin iri şəhərlərində 500-ə yaxın iri ictimai-iaşə obyektində təmizləyici qurğuların quraşdırılması təmin olunub.