DİM vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün ümumi müsahibələr elan edib

Noyabrın 5-də 11 dövlət orqanında inzibati vəzifələrin 4-7-ci təsnifatına uyğun olan vəzifələrin A və B növü üzrə ümumi müsahibə elan edilib.

Dövlət İmtahan Mərkəzindən verilən xəbərə görə, mərkəzi icra hakimiyyəti orqanı və məhkəmə hakimiyyəti orqanlarında olmaqla elana çıxarılan vəzifələrin 20-si dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər) və 40-ı B növü vəzifələrə (inzibati-icraçı) aiddir.

Ümumi müsahibəyə çıxarılan vəzifələr arasında ən yüksək vəzifələr inzibati vəzifələrin 4-cü təsnifatına uyğun olan Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlığın təşkili və monitorinqi şöbəsində şöbə müdiri, inzibati vəzifələrin 4-cü təsnifatına uyğun olan Maliyyə Nazirliyinin Ortamüddətli xərclər çərçivəsinin hazırlanması mərkəzində direktor müavini vəzifələridir. Ümumilikdə isə, Kənd Təsərrüfatı Nazirliyində 17, Dövlət Statistika Komitəsində 10, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi 10, Şəki Apelyasiya Məhkəməsində 7, Dövlət Şəhərsalma və Arxitektura Komitəsində 5, Ali Attestasiya Komissiyasında 4, Maliyyə Nazirliyində 2, Mədəniyyət Nazirliyində 2, Hesablama Palatasında 1, Milli Arxiv İdarəsində 1, Şirvan Apelyasiya Məhkəməsində 1 vəzifə olmaqla 60 vakant vəzifə ümumi müsahibə elanına çıxarılıb.

 
Ümumi müsahibədə iştirak etmək istəyən noyabrın 25-i saat 18:00-dək (20 gün müddətində) Mərkəzin internet portalına məlumatları daxil edərək qeydiyyatdan keçməlidir.

DİM həmçinin mərkəzi icra hakimiyyəti və məhkəmə hakimiyyəti orqanları olmaqla inzibati dövlət qulluğu vəzifələrinin 4-7-ci təsnifatı üzrə B növünə aid olan ümumilikdə 29 dövlət orqanında 135 vakant vəzifənin tutulması üçün müsabiqənin müsahibə mərhələsi elan edib.

Namizədlər əldə etdikləri sertifikata uyğun olan müsahibələrdə iştirak edə bilər. Müsahibədə iştirak üçün namizədlər dekabrın 5-i saat 18:00-dək (30 gün müddətində) qeydiyyatdan keçməli və elan müddətində formaya daxil etdiyi məlumatlarda, sənədlərdə dəyişikliklər olduğu təqdirdə müvafiq düzəlişlər etməlidir.

Qeyd edək ki, müsahibəyə çıxarılması üçün dövlət orqanları arasında ən çox vakant vəzifə Maliyyə Nazirliyi (26 vəzifə) və Bakı şəhəri Xəzər Rayon Məhkəməsi (10 vəzifə) tərəfindən təqdim olunub.  

Ümumilikdə, müsahibəyə çıxarılmış 135 vakant vəzifənin 1-i 4-cü təsnifata, 27-si 5-ci təsnifata, 9-u 6-cı təsnifata, 98-i isə 7-ci təsnifata aid olmaqla, 28-i BA, 107-si isə BB vəzifə qrupuna aiddir.