Xızı-Altıağac yolunda - FOTOLAR

        Bu günlərdə AMEA Həsən Əliyev adına Coğrafiya İnstitutunun əməkdaşı geologiya-mineralogiya elmləri üzrə fəlsəfə doktoru Rəşid Fətəliyevlə “Azeri Mineng Qroop” MMC-nin  əməkdaşı Ağamahmud Səmədov ölkəmizin şərq hissəsində  yerləşən və Azərbaycan respublikasının nadir geoloji obyektlərindən sayılan məşhur Beşbarmaq dağını  və  Xızı-Altıağac yolunda, Tıxlıçayın sol sahilində xırda təpəliklərdə   üzə çıxan müxtəlif rəngli gillərin əsrarəngiz görüntülü  ekzotik çıxışlarına   baxış keçirmişlər.                                  

         Əvvəlcə qeyd edək ki, Azərbaycan Respublikasının ərazisi Avrasiya və Afrika-Ərəbistan nəhəng litosfer plitələrinin toqquşma zolağında yaranmış Aralıq dənizi qırışıqlıq qurşağına daxildir. Respublika ərazisinin Yer qabığının quruluşu tektonik cəhətdən yekcins olmayıb, onu təşkil edən və müxtəlif litoloji-stratiqrafik kəsiliş və deformasiyaların xüsusiyyətləri və geoloji inkişaf tarixi ilə səciyyələnir. Nəticə olaraq ölkənin müasir geoloji quruluşunda müxtəlif geoloji formalar müşahidə edilir ki, onlar da çox vaxt relyefdə əksini tapan müxtəlif geomorfoloji landşaftlarla (yarımsəhradan tutmuş yüksək dağlıq-nival ərazilərədək) birləşərək yerli, məhəlli və hətta qlobal əhəmiyyətli nadir geoloji obyektlər  kimi təmsil olunurlar.

Azərbaycan geoloq alimlərinin tədqiqatları nəticəsində  paleontoloji-stratiqrafik, tektonik, geomorfoloji, mineraloji-petroqrafik, hidroloji, hidrogeoloji və tarixi-dağ-mədən kateqoriyalı 300-dən artıq nadir geoloji obyektin varlığı aşkar edilmişdir. Xüsusilə qeyd edilməlidir ki, bir çox nadir geoloji obyektlər erməni işğalçılarının zəbt etdiyi ərazilərdə qalmışdır və hazırda onların mövcud vəziyyəti ilə bağlı əlimizdə heç bir məlumat yoxdur.

Respublikamızda bəlli olan nadir geologi təbiət abidələri içərisində  nadir tektonik obyektlər sırasına aid edilən Yura yaşlı Beşbarmaq dağı və Alt təbaşirin plastik qatlarında disharmonik qırışıqlıq yaradan əlvan rəngli gil süxurlarının çıxışlarınınözünəməxsus yeri vardır.

     1. Beşbarmaq dağı  Bakı-Siyəzən avtomobil yolunun 95 km-də əzəmətlə ucalır. Dəniz səviyyəsindən 445 m yüksəklikdədir. Tərkibcə breksiyalaşmış, dolomitləşmiş əhəng daşlarından ibarətdir. Bu dağda həm də məşhur Xıdır Zində piri yerləşir. Buraya ətraf rayonlardan, hətta Bakıdan  xeyli sayda insanların ziyarətə gəlməsini müşahidə etmək olur. 

Beşbarmaq dağı əsrarəngiz görüntüsünə görə hələ qədim zamanlardan insanları valeh etmişdir. Məşhur ingilis səyyahı və dövlət xadimi Antoni Cenkincon 1562-ci ildə Moskvadan Dərbənddə, oradan da  Şamaxıya səfər edən zaman Beşbarmaq dağını görərkən aldığı təəssüratı vətənə qayıtdıqdan sonra  yazdığı kitabda heyranlıqla qeyd etmişdi.

Alman səyyahı və o dövrdə Moskoviyada səfir olmuş alman Adam Oleari də 1637-ci ildə Şamaxıya səfər edən zaman Beşbarmaq dağına heyran olmuş və sonradan bir çox dillərə, o cümlədən rus dilinə  çevrilmiş kitabında hisslərini qeyd etmişdi.

Beşqarmaq dağındaki yuxarıda qeyd olunan süxurlar Yura geoloji dövrünün Oksford-Titon zamanında (təxminən 150-160 milyon il  əvvəl) dərin dəniz şəraitində çökmə yolla toplanmış, sonradan mürəkkəb geoloji inkişaf prosesi keçərək tektonik hadisələr nəticəsində ekzotik görünüşlü möhtəşəm qayalar yaranmışdır. Beşbarmaq dağındaki süxurların yaşı onların içərisində vaxtilə yaşamış çoxsaylı fauna qalıqları (indi daşlaşmış)  əsasında təyin edilmişdir.  Böyük ekoturizm əhəmiyyəti kəsb edən Beşbarmaq dağını Xüsusi  Mühafizə Olunan  Geoloji Təbiət Abidəsi kimi qorumaq və gələcək nəsillərə çatdırmaq bizim borcumuzdur.

           Beşbarmaq dağının şərqdən görünüşü

 

       2. Giləzidən Altıağaca  gedən zaman Tıxlı çayının sol sahilində əsrarəngiz gözəlliyə malik mənzərə müşahidə olunur. Burada Təbaşir geoloji dövrün  Alb zamanında (təqribən 100 milyon il öncə) dərin dəniz hövzəsində çökmüş müxtəlif rəngli-alabəzək gillərin dishormonik qırışıqlığa uğramış laylarının ritmik növbələşməsi müşahidə olunur. Burada da müxtəlif ölkələrdən gəlmiş əcnəbi tutistləri tez-tez görmək olur. Bu obyek də özünəməxsus görkəminə, əsrarəngiz gözəlliyinə görə çox əhəmiyyətlidir və Xüsusi Mühafizə olunan Geoloji Təbiət  Abidəsi kimi  qorunmalıdir.

 

Alt təbaşirin plastik qatlarında disharmonik qırışıqlıq.