ABŞ Senatında Türkiyəyə sanksiyalar müzakirə olunacaq

ABŞ Senatının Xarici İşlər Komitəsi gələn həftə Türkiyəyə qarşı sanksiyalarla bağlı qanun layihəsini müzakirə edəcək.

“RİA Novosti” xəbər verir ki, bu barədə komitənin rəsmi saytında informasiya yerləşdirilib.

Qanun layihəsi qəbul ediləcəyi halda, qüvvəyə minməsi üçün Senat və Nümayəndələr Palatasının bütün tərkibi tərəfindən qəbul edilməli, həmçinin, ABŞ Prezidenti Donald Tramp imzası ilə sənədi təsdiqləməlidir. Hazırda isə ABŞ Prezidenti Konqres tərəfindən Türkiyəyə qarşı əlavə sanksiyalar tətbiq etmək istəmədiyinə görə tənqid edilir.

 
Qanun layihəsi daha əvvəl qəbul edilmiş “CAATSA” sanksiya qanunlarına uyğun olaraq Türkiyəyə “S-400” alınmasına görə sanksiyalar tətbiq etməyi nəzərdə tutur.

Bununla yanaşı, qanun layihəsi Türkiyəyə ABŞ silahlarının satışını məhdudlaşdırır və Ankaranın Suriyadakı hərbi əməliyyatları üçün silah tədarükünə cavabdeh türk rəsmilərinə qarşı sanksiya nəzərdə tutur.

Xatırladaq ki, ABŞ Suriyadakı əməliyyatlara görə artıq Türkiyəyə sanksiya tətbiq edib, lakin Ankaranın atəşkəsə razılaşmasından sonra sanksiyalar ləğv olunub.