TBMM sədri Senatın “erməni soyqırımı” qətnaməsini şərh edib: “ABŞ-ın 200 illik tarixi çox qanlı və kirli bir tarixdir”

“Biz parlamentlərin tarixi olaylarla bağlı qərar verməsini düzgün saymırıq”.

Bunu ABŞ Senatının qondarma “erməni soyqırımı”nın tanınmasına dair qətnamə qəbul etməsinə münasibət bildirən Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop deyib.

M. Şentop bildirib ki, ABŞ Senatında 100 senator var: “Bu senatorların hansısa birindən qəbul etdikləri bu qərarın mahiyyəti barədə soruşsaq, iki-üç cümlə deyə bilməyəcəklərini bilirik. Parlamentlərin qəbul etdiyi qərarlar siyasi qərarlardır. Əgər biz tarixi hadisələri siyasətin alətinə çevirsək, beynəlxalq, dövlətlərarası münasibətlər içindən çıxılmaz duruma gələr”.

 
TBMM sədri qeyd edib ki, ABŞ-ın 200 illik tarixi çox qanlı və kirli bir tarixdir: “Bu tarixdə Afrika əsilli insanların qul kimi ticarəti olub. Hindulara qarşı zülmlər bu gün də bitmiş deyil. Dünyanın bir çox ölkəsində də bu hallar hələ bitməyib. ABŞ-ın dünyanın bir çox yerində beynəlxalq hüquqa zidd siyasi, hərbi əməliyyatlar apardığını, mülki şəxsləri qətlə yetirdiyini görürük. Bir müddət əvvəl ABŞ Suriyanın Quta bölgəsində kimyəvi silahdan istifadə edilməsini əsas gətirərək bombalama əməliyyatı həyata keçirib. Həmin əməliyyatda mülki şəxslər ölüb. Bununla bağlı məsələnin əsli ilə bağlı material hazırlayan və önəmli bir jurnalda çalışan bir jurnalist də işindən çıxarıldı. Çünki özlərinin həyata keçirdiyi kirli əməliyyatın üzə çıxmasının qarşısını almağa çalışırlar”.

M Şentop nəzərə çatdırıb ki, parlamentlər belə məsələlərlə bağlı qərar verəsi olsa, Türkiyə parlamenti təkcə ABŞ tarixi ilə bağlı qərarlar qəbul etməyə başlasa, buna ən azı bir ili ayırmaq lazım gələr: “Bizim tariximizlə bağlı hər hansı narahatlığımız yoxdur. 2005-ci ildə o zaman Baş Nazir olan Prezident Rəcəb Tayyib Ərdoğan bəyan etmişdi ki, Türkiyə də, Ermənistan da arxivlərini açsın, bu məsələ ilə bağlı tarixçilər araşdırma aparsın. Bizim qorxacaq bir şeyimiz yoxdur, arxivlərimizi də açdıq. Amma üzərindən 15 il keçməsinə baxmayaraq, Ermənistan arxivlərini aça bilmir. Çünki dünyada Türkiyəyə qarşı apardıqları iftiranın arxivlərinin açıldığı təqdirdə üzə çıxacağını bilirlər. Parlamentlər belə hadisələrdən siyasi alət kimi istifadə etməməlidir”.

M. Şentop qeyd edib ki, qondarma “erməni soyqırımı” məsələsi ABŞ Senatının gündəminə əvvəlki illərdə də gəlib, ancaq qərar verilməyib: “Prezidentimiz ABŞ-a səfəri zamanı da iki dəfə bu qərar təxirə salınmışdı. Madam, dərdiniz ermənilərdir, 1915-ci il olaylarıdır, niyə bu günə qədər bu barədə qərar verməmişdiniz, indi qərar verirsiniz? ABŞ-ın Türkiyə ilə anlaşa bilmədiyi bir sıra məsələ ortaya çıxan zaman ermənilərdən, 1915-ci il olaylarından sui-istifadə edərək, siyasət yürüdürlər. Bunun kimsəyə faydası yoxdur. Bu, Türkiyə-ABŞ münasibətləri baxımından da çox mənfi tablo ortaya qoyur”.apa