Donald Trampın illik müraciətinin vaxtı açıqlandı

ABŞ Prezidenti Donald Tramp fevralın 4-də Nümayəndələr Palatasında Konqress qarşısında “Ölkənin vəziyyəti haqqında” illik müraciəti ilə çıxış edəcək.

Bu barədə jurnalistlərə Ağ Evin mətbuat katibinin müavini Hoqan Gidli bildirib.

 
“Prezident Donald Tramp Konqressin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin fevralın 4-də “Ölkənin vəziyyəti haqqında” məruzə ilə çıxış etmək dəvətini qəbul edib”, - deyə Gidli qeyd edib.

Xatırladaq ki, bir müddət əvvəl N.Pelosi “şatdaun” prosesi bitməyənə qədər D.Trampın Konqresdə çıxış etməsinə icazə verməyəcəyini bildirmişdi. Lakin Demokratlar və Prezident Administrasiyası hökumətin maliyyələşdirilməsini ən azı üç həftə müddətində olmaqla müvəqqəti bərpa etmək barədə razılığa gəliblər. Buna görə də, Ağ Evin rəhbəri illik müraciətini etmək üçün dəvət alıb.

“Şatdaun” dövründə isə Tramp Pelosiyə rəsmi səfərlər zamanı hərbi təyyarələrdən istifadə etməyə qadağa qoymuşdu.