Nyu-Yorkda narahat oldular - Süleymaninin qətlindən sonra təhlükəsizlik tədbirləri gücləndirildi

Bağdadda İran İslam İnqilabı Keşikçilәr Korpusunun (SEPAH) “Əl Qüds” xüsusi təyinatlı qüvvələrinin komandanı general Qasım Süleymaninin ABŞ-ın hücumu nəticəsində öldürülməsindən sonra Nyu-York ştatının qubernatoru Endrü Kuomo təhlükəsizlik tədbirlərinin gücləndirilməsi ilə bağlı sərəncam verib.

“Yaxın Şərqdə gərginliyin artması fonunda ştatın bütün ərazisində vacib infrastruktur obyektlərində təhlükəsizlik tədbirlərinin gücləndirilməsi ilə bağlı göstəriş vermişəm. Mən Milli qvardiyanı Nyu-York hava limanlarında yerləşdirirəm”, - deyə Kuomo özünün “Twitter” səhifəsində yazıb.

Qubernator qeyd edib ki, hələlik Nyu-Yorka qarşı hədə-qorxu daxil olmayıb, lakin ştatın hakimiyyəti “hazır və sayıqdır”.

Xatırladaq ki, cümə axşamı Pentaqon ABŞ-ın İraqda İran generalı Qasım Süleymaninin məhv edilməsi ilə bağlı əməliyyat keçirdiyini təsdiqləyib. Ölənlərin arasında ABŞ-ın dövlət katibi Mayk Pompeonun dekabrın 31-də Bağdadda Amerika səfirliyinə hücumda ittiham etdiyi Xalq Səfərbərlik Qüvvələrinin (XSQ) komandan müavini Əbu Mehdi əl-Mühəndisi də olub. İranın Ali lideri ayətullah Seyid Əli Xamenei Qasım Süleymaninin ölümü münasibətilə ölkədə 3 gün matəm elan edib və generalın qisasını alacağına dair vəd verib.