Sabirabadda 2 ədəd əl qumbarası aşkar edilib

2020-ci il 09 Yanvar tarixində saat 19:02-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən və saat 19:12-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Sabirabad rayonu, Xəqani küçəsi 1 ünvanında qazıntı işləri aparılarkən 2 ədəd əl qumbarasının tapılması barədə məlumatlar daxil olub.

ANAMA-dan  verilən məlumata görə, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu, Daxili İşlər Nazirliyinin Sabirabad rayon Polis Şöbəsinin və Səhiyyə Nazirliyinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Sabirabad rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ünvanda su kanalının kənarına baxış keçirilmişdir. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polislər tərəfindən mühasirəyə alınmışdır. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 2 ədəd üzərində partladıcısı (UZRQM) olan F-1 əl qumbarası aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Əl qumbaralarının ətrafında 150 kv.m əraziyə yerüstü, 20 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.