Qədim ulduzun atmosferində oksigen aşkar edilib


Beynəlxalq astronomlar komandası ən köhnə ulduzlardan birinin atmosferində çoxlu miqdarda oksigenin olduğunu qeydə alıblar. Bu, kainatda ulduzların ilk nəslində oksigen və digər əhəmiyyətli elementlərin necə yarandığını anlamağa kömək edir.

ABŞ, İspaniya və Böyük Britaniyadan olan astronomlar komandası Havay adalarında yerləşən Keka rəsədxanasından teleskopun spektrometrinin köməyi ilə J0815+4729 ulduzunu tədqiq ediblər və onun atmosferində oksigen də daxil olmaqla 16 kimyəvi elementin mövcudluğu haqqında məlumat əldə ediblər.

hightech.plus saytı bildirir ki, toplanmış məlumatlar qeyri-adi kimyəvi tərkibin olduğunu göstərib. Ulduzun atmosferində karbon, azot və oksigenin miqdarı Günəşdə olduğunundan çox olsa da, kalsium və ya dəmir kimi digər elementlər Günəş ehtiyatlarının milyonda birini təşkil edir.

Qalaktikamızda cəmi bir neçə belə ulduzun mövcud olmasına baxmayaraq, onlardan heç birində dəmirlə müqayisədə belə çoxlu miqdarda karbon, azot və oksigen yoxdur.

Bu nəticə alimlərə kainatın inkişafının başlanğıcına nəzər salmağa imkan verir.