Dünya Səhiyyə Təşkilatı: dünyada altı milyona yaxın tibb bacısı çatışmır

Koronavirusun yayılması fonunda dünya səhiyyəsi kəskin tibb bacısı çatışmazlığı yaşayır. Tibb bacısı personalının çatışmazlığı bütün dünyada ən azı 5,9 milyon nəfər təşkil edir.

Bu barədə Dünya Səhiyyə Təşkilatının “Dünyada tibb bacısı işinin vəziyyəti - 2020” məruzəsində deyilir.

“Bütün dünyada təxminən 28 milyon tibb bacısı var. 2013-2018-ci illərdə onların sayı 4,7 milyon artıb. Lakin tibb bacısı personalının çatışmazlığı hələ də qalmaqdadır və onların sayı 5,9 milyon nəfərdir. Tibb bacısı çatışmazlığı, əsasən də Afrika, Cənub-şərqi Asiya və Şərqi Aralıq Dənizi regionunda, həmçinin Latın Amerikasının bəzi ölkələrində hiss olunur”, - deyə DST-nin məruzəsində bildirilir.

Məruzəyə əsasən, bu problemlə üzləşən ölkələrdə kadr defisitinin qarşısının alınması üçün tibb bacılarının sayı ildə orta hesabla 8 faiz artırılmalıdır.

Qeyd edək ki, mart ayının 11-də Dünya Səhiyyə Təşkilatı COVID-19 xəstəliyinə səbəb olan yeni koronovirusun yayılmasını pandemiya elan edib. Bakı vaxtı ilə bu gün saat 13:10-a olan məlumata görə, dünyada 1 milyon 351 mindən çox yoluxma və 75 min 269 ölüm faktı qeydə alınıb.