Sabah bəzi bölgələrdə yağış, dağlıq ərazilərdə qar yağacaq

Ölkə ərazisində aprelin 13-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman, zəif çiskin olacaq. Arabir güclənən şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəzlənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 7-10°, gündüz 12-15° isti, Bakıda gecə 7-9°, gündüz 13-15° isti olacaq. Atmosfer təzyiqi 765 millimetr civə sütunundan 771 millimetr civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək.

Sinoptiklərin tibbi meteoroloji proqnozuna görə, aprelin 13-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Azərbaycanın rayonlarının bəzi yerlərində yağış, dağlıq ərazilərdə qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Gündüz əksər rayonlarda hava əsasən yağmursuz keçəcək. Arabir duman olacaq. Qərb küləyi əsəcək, gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 3-8°, gündüz 13-18° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 2-7° isti olacağı ehtimal edilir.