BMT eksperti: Ətraf mühitin mühafizəsi üzrə tədbirlərin pandemiya zamanı zəiflədilməsinin ciddi nəticələri ola bilər

Dövlətlər ətraf mühitin mühafizəsi üzrə tədbirlərin zəiflədilməsi üçün COVID-19 pandemiyasını bəhanə gətirməməlidirlər. Yerveinsan.az BMT-nin saytına istinadla xəbər verir ki, bunu bir neçə dövlət ekologiya sahəsində bəzi standartlardan imtina etmək və ya təbiəti mühafizə layihələrini dayandırmaq planlarını açıqladıqdan sonra BMT-nin insan hüquqları üzrə müstəqil eksperti Devid Boyd bəyan edib.

O deyib: "COVID-19-dan əvvəlki qlobal ekoloji böhran baxımından bu addımlar səmərəsiz, məsuliyyətsiz addımlardır və əhalinin zəif təbəqəsi üçün ciddi nəticələr verə bilər".

Ekspert ehtiyat edir ki, belə siyasi həllər ətraf mühitin vəziyyətinin pisləşməsinə, insan hüquqlarının geniş spektrinin, o cümlədən yaşamaq, sağlamlıq, su, mədəniyyət, qida, habelə sağlam mühitdə yaşamaq hüququnun pozulmasına gətirib çıxara bilər.

Alimlər tamamilə qəti qənaətə gəliblər ki, "havanın çirklənmə səviyyəsi daha yüksək olan rayonlardakı insanların COVID-19-dan vaxtsız ölmək riski daha çoxdur. Bundan əlavə, insanların yoluxmasının və virusun qarşısının alınması üçün təmiz sudan istifadə imkanının olması çox əhəmiyyətlidir".

İnsan hüquqları üzrə ekspert əlavə edib ki, yoluxucu xəstəliklərin təqribən dörddəüç hissəsi zoonozdur, yəni bu xəstəliklər, məsələn, Ebola, SARS, MERS, indi isə COVID-19 insana heyvanlardan keçə bilər.

"Alimlər xəbərdarlıq edirlər ki, meşələrin qırılması, kənd təsərrüfatının sənayeləşməsi, vəhşi təbiət növləri ilə qanunsuz ticarət və ətraf mühitin tənəzzülünə və iqlim dəyişmələrinə gətirib çıxaran digər fəaliyyət növləri gələcək pandemiyalar riskini, habelə insan hüquqlarının ciddi şəkildə pozulması ehtimalını artırır", - deyə Devid Boyd xəbərdarlıq edib.