DİN Xaçmazda törədilən qətl hadisəsi ilə bağlı məlumat yayıb

Daxili İşlər Nazirliyi (DİN) Xaçmazda törədilən qətl hadisəsi ilə bağlı məlumat yayıb.

DİN-in mətbuat xidmətindən  bildiriblər ki, aprelin 21-də Xaçmaz şəhər sakini, əvvəllər məhkum olunmuş Ceyhun Sadıqovun qarın nahiyəsində kəsilmiş-deşilmiş xəsarət olan meyitinin İzmayılovka qəsəbəsi ərazisində tapılması barədə daxil olmuş məlumatla əlaqədar dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

C.Sadıqovu bıçaqla qətlə yetirməkdə şübhəli bilinən Xaçmaz şəhər sakini, əvvəllər məhkum olunmuş K.Məmmədov təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.