Fransada koronavirusdan ölənlərin sayı 22 min 245-ə çatıb

Fransada COVID-19 epidemiyasından ölənlərin sayı 22 min 245-ə çatıb. Bunlardan 13 min 852-si xəstəxanalarda, 8393-ü isə qocalar evlərində qeydə alınıb. Son 24 saat ərzində 389 ölüm faktından 305-i xəstəxanada, 84-ü qocalar evində olub.

Bu haqda Fransanın Səhiyyə üzrə baş direktoru Jerom Salomon mətbuata açıqlamasında deyib.

Bildirilib ki, epidemiya başlayandan 43 min 493 xəAstə sağalıb. Bu gün xəstəxanalarda hələ də 28 min 658 xəstə var ki, onlardan 4870-i reanimasiyada ağır vəziyyətdədir. Son bir sutka ərzində xəstəxanalara 1346 xəstə yerləşdirilib. Fransada ümumilikdə 122 min 577 insan yeni koronavirusa yoluxub.

Ölkədə ölənlərin və reanimasiya şöbələrində olanların sayının azalmasına baxmayaraq J.Salomon COVID-19 virusunun yayılmasının hələ də yüksək səviyyədə olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, ölkə kütləvi və ciddi epidemiya ilə mübarizə aparır.

Səhiyyə üzrə baş direktor vurğulayıb ki, koronavirusa yoluxanların aşkarlanması məqsədilə ölkədə gündə 40 min test aparılır.