Qubada sel körpünü dağıtdı 

Son günlər yağan aramsız yağışlar nəticəsində Quba rayonunun Çayqışlaq kəndini iki hissəyə ayıran Şabrançay üzərində yerləşən körpünün uçması ilə bağlı məlumat daxil olub.

Strategiya.az-ın Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən məlumat verir ki, dərhal əraziyə FHN-in aidiyyəti qurumlarının nümayəndələri cəlb edilib, Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin nümayəndələri hadisə yerinə gəlib.

Mütəxəssislər tərəfindən müəyyən edilib ki, körpü keçidi 2017-ci ildə kənd sakinləri tərəfindən primitiv qaydada 2 ədəd uzunluğu 12 metr, eni 1,5 metr olan plitələr üzərində kənddaxili gediş-gəliş məqsədilə quraşdırılıb. Sel nəticəsində blokların altı yuyulub və körpü keçidi çöküb.

 
Kənd əhalisinin hazırda rayon mərkəzi, eləcə də digər yaşayış məntəqələri ilə gediş-gəlişində bir problem yoxdur. Körpünün tikinti norma və tələblərinə uyğun yenidən inşası üçün məsləhətləşmələr aparılır.