“Türk dünyası coğrafiyası və etnosu” üçcildliyi geniş ictimaiyyətə təqdim edilib

Həsən Əliyev adına Coğrafiya İnstitutu tərəfindən hazırlanan “Türk dünyası coğrafiyası və etnosu” üçcildliyi Milli Məclisin Mədəniyyət komitəsi, Azərbaycanda Atatürk Mərkəzi, Beynəlxalq Türk Akademiyası və Azərbaycan Coğrafiya Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən virtual konfransda geniş ictimaiyyətə təqdim edilib.

Bu barədə  institutdan məlumat verilib. Bildirilib ki, konfransın moderatoru, Milli Məclisin Mədəniyyət komitəsinin eksperti Əkbər Qoşalı “Türk dünyası coğrafiyası və etnosu” üçcildliyinin türk dünyası ziyalıları, ictimaiyyət nümayəndələri tərəfindən böyük maraqla qarşılanacağını deyib.

Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov üçcildliyin ərsəyə gəlməsində böyük bir heyətin çalışdığını vurğulayıb. O bildirib ki, birinci cild türk dünyası ərazisinin fiziki-coğrafi problemlərinə həsr olunub. Burada türk dünyasının coğrafi mövqeyi və tarixi coğrafi mahiyyəti ilə yanaşı, ərazinin geologiyası və geomorfologiyası, iqlimi, daxili suları, torpaq-bitki örtüyü, təbii zonaları və ekoloji problemləri araşdırılıb. Kitabın ikinci cildində türk dünyasının iqtisadi və sosial coğrafiyası faktiki materiallar əsasında öyrənilərək ümumiləşdirilib. “Regional coğrafiya” adlanan üçüncü cilddə isə müstəqil türk dünyası dövlətlərinin, türk xalqlarının dövlət qurumlarının hər birinin fiziki və iqtisadi coğrafi problemləri ayrılıqda verilib. Bu cilddə dövlət qurumu olmayan azsaylı türk xalqları sayılan etnosların coğrafiyasına da geniş yer ayrılıb.

Konfransda çıxış edən Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva kitabın türk xalqlarının bir-birinə yaxınlaşmasındakı rolunu vurğulayaraq, belə bir nəşrin zamanında ərsəyə gəlməsindən məmnunluğunu bildirib. Deputat qeyd edib ki, Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi zəfərin özünəməxsus yeri var və bu qələbə türk dövlətlərində özgüvəni artırmaqla yanaşı, birlik, qardaşlıq ruhunu da möhkəmləndirib. Belə bir vaxtda Coğrafiya İnstitutunun təşəbbüsü ilə “Türk dünyasının coğrafiyası və etnosu” adlı üçcildliyin ərsəyə gətirilməsi önəmli hadisədir.

Virtual təqdimata Qazaxıstandan qoşulan Beynəlxalq Türk Akademiyasının prezidenti, akademik Darxan Kıdırəli türk dünyası coğrafiyasının müasir dünyanın geosiyasi məkanında rolunun artmasından danışaraq bu nəşrin türk xalqlarının coğrafiyasını öyrənmək baxımından çox əhəmiyyətli olacağını bildirib.

AMEA-nın Geologiya İnstitutun direktoru, akademik Akif Əlizadə kitabın fundamental elmi dəyərinin yüksək olmasına diqqət çəkib. Akademiyanın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli Coğrafiya İnstitutunun bu sahədə əməyini yüksək qiymətləndirib.

Azərbaycanda Atatürk Mərkəzinin rəhbəri, akademik Nizami Cəfərov türk dünyası coğrafiyasının öyrənilməsinin mədəniyyətin, adət-ənənələrin, folklorun tədqiqi üçün əhəmiyyət daşıdığını və bu kitabların çox vacib bir zamanda çap olunduğunu qeyd edib.

Tədbirdə çıxış edən Avrasiya İqtisadi Əlaqələr Dərnəyinin sədri Hikmət Ərən və Türkmənistanda TRT Türkmənistan masasının rəhbəri Murat Toylu üçcildliyin ərsəyə gəlməsində əməyi keçənləri təbrik edib və digər dillərə də tərcümə olunması nəzərdə tutulan bu kitabların müəlliflərinə uğurlar arzulayıblar.

Sonda Coğrafiya İnstitutunun şöbə müdiri, dosent Mirnuh İsmayılov türk dünyasının alimləri ilə əməkdaşlığın daha səmərəli olacağını qeyd edərək, ortaq elmi fəaliyyətlərin perspektivləri və Coğrafiya İnstitutunun bu istiqamətdə planları haqqında məlumat verib.