ATƏT-in Media azadlığı üzrə xüsusi nümayəndəsi Azərbaycan jurnalistlərinin ölümü ilə bağlı başsağlığı verib

ATƏT-in Media azadlığı üzrə xüsusi nümayəndəsi Tereza Ribeyro Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) müxbiri Məhərrəm İbrahimovun və “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin (AzTV) operatoru Sirac Abışovun faciəvi ölümü ilə bağlı dərin narahatlığını və kədərini ifadə edib.

ATƏT-in rəsmi saytında yerləşdirilən bəyanatda hər iki jurnalistin iyunun 4-də Kəlbəcər rayonunda peşə fəaliyyətlərini həyata keçirərkən minanın partlaması nəticəsində həlak olduqları, AzTV-nin rejissoru Emin Məmmədov da daxil olmaqla digər şəxslərin xəsarət aldığı əksini tapıb.

“Məhərrəm İbrahimov və Siraj Abışovun faciəli ölümü dəhşətli bir xəbərdir, yaxınlarına və həmkarlarına dərin rəğbət və başsağlığı verirəm”,- deyə T. Ribeyro bəyanatda qeyd edib.

T. Ribeyro hüquq-mühafizə orqanlarının bu məsələ ilə bağlı istintaq başlatdıqlarını qeyd edərək, jurnalistlərin ölümünə görə tam cavabdehliyin təmin ediləcəyinə ümidvar olduğunu bildirib.