Azərbaycan universitetləri dünya reytinqində niyə yoxdur?

Beynəlxalq səviyyəli universitetlərin reytinq cədvəlləri hər il müəyyən olunur. Dünyada universitetlərin reytinqinin müəyyənləşdirilməsi sahəsində tanınmış təşkilatlardan biri “QS” - Quacquarelli Symonds təşkilatıdır. “QS” reytinq cədvəli universitetin dünyada nüfuzu, məzunların işlə təmin olunması, beynəlxalq əlaqələr, müəllim - tələbə nisbəti, elmi nəşrlər, xarici tələbə və müəllimlərin faizi kimi meyarlara görə formalaşdırılır. Böyük Britaniyanın "Times Higher Education" jurnalı, Çinin Şanxay reytinq cədvəli də etibarlı mənbələrdən sayılır. Universitetlərimizin tanınmış reytinqlərdə nəzərəçarpan yer tutması isə bir qədər müşkül olub.

Bəs, Azərbaycan universitetləri niyə dünya reytinqlərində yer ala bilmir?

Yerveinsan.az bildirir ki, məsələ ilə bağlı Trend-in suallarını cavablayan Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov qeyd edib ki, dünyada bir çox reytinqlər mövcuddur. Bu reytinqlərin hansının ədalətli olması bir çox hallarda mübahisə doğurur.

“Bütün hallarda Azərbaycan universitetləri bu reytinqlərdə yer almaqla bağlı ciddi şəkildə düşünməldirlər. Bu reytinqlərdə yer almaq üçün bir çox parametrlər mövcuddur və bu parametrlərə əməl olunması bizim universitetlərin inkişafında müsbət yer ala bilər. Universtetdə təhsil alan tələbələr, tədqiqatların keyfiyyəti, çalışan xarici müəllimlərin sayı bu parametrlərə daxildir. Son illərdə Azərbaycanda bu istiqamətdə müəyyən işlər görülür.

 
Bütövlükdə, hər bir universitetin bu istiqamətdə strategiyası olmalıdır. Qarşılarına müəyyən bir hədəf qoymalıdırlar və o hədəflərə çatmaq üçün işlər görülməlidir. Bu, xeyli zaman aparan bir prosesdir”, - deyə İ. Orucov bildirib.

Təhsil eksperti Kamran Əsədov isə Trend-ə açıqlamasında deyib ki, dünyanın 31 mindən artıq universitetini əhatə edən “Webometrics” Reytinqi (Webometrics Ranking of World Universities) hər il üçün reytinq cədvəlini açıqlayır.

“Dünyanın nüfuzlu agentlikləri dünya universitetlərinin reytinqinin tərtib olunmasında bir neçə meyar - akademik aləmdən olan ekspertlərin rəyi, professor-müəllim heyətinin tələbələrin sayına nisbəti, işəgötürənlər arasında reputasiyası, sitat gətirilmə indeksi, həmçinin xarici müəllim və tələbələrin payı nəzərə alınır. Hesab edirəm ki, universitetlər artıq dünya təhsilini bilən menecerlər tərəfindən idarə olunmalıdır. Artıq dünya universitetləri özləri pul qazanır, böyük büdcəyə sahibdirlər. Bizim universitetlər isə bu tendensiyalardan kənarda qalır. Ona görə də ali təhsil pilləsində ciddi şəkildə islahatlar həyata keçirilməlidir, müasir təhlili bilən, dünya təhlilindən xəbərdar olanlar idarəetməyə cəlb olunmalıdırlar.

Çünki Azərbaycanda elmi tədqiqat işlərinin çox hissəsi lokal xarakter daşıdığından dünyada əhəmiyyəti olmayan mövzular olur. Ona görə də bizim elmlə məşğul olan insanların xarici jurnallarda məqalələri çox az saydadır. Başqa səbəb isə universitetə xarici tələbə axınının az olmasıdır. Təəssüf ki, bizim bəzi universitetlərin idarəçiliyi də aşağı səviyyədədir. Yəni bəzi universitetlərin rektoru təhsil ocağını şəxsi biznesləri kimi idarə edirlər. Azərbaycandakı ali təhsil müəssisələrinin çoxu dörd divar və partalardan ibarətdir. Hətta bəzilərinin heç kitabxanası da yoxdur”, - deyə K.Əsədov qeyd edib.

Ekspert, həmçinin vurğulayıb ki, ən etibarlı reytinq Böyük Britaniyanın ”Times Higher Education" jurnalı və “Thomson Reuters” agentliyinin hazırladığı reytinq hesab olunur.

“Bu agentliyin reytinqinin hazırlanması zamanı həmin universitetlərdə təhsilin qiyməti, internetə çıxış imkanları, müasir avadanlıqlarla təchiz olunma səviyyəsi və sair meyarlar əsas götürülür. Təəssüflər olsun ki, Azərbaycan universitetləri bu reytinqdə yoxdur. Azərbaycanda ali təhsilin bütövlükdə aşağı səviyyədə olması sirr deyil. Köhnə sovet tədris sistemi davam etdirilir. Ümumiyyətlə, Azərbaycanda professor, müəllim heyəti əsasən Boloniya sistemindən xəbərsizdir, bu sistemin mahiyyətini anlamır. Anlamadığından da onu təhrif olunmuş bir şəkildə tətbiq edir, hər zaman da əleyhinə təbliğat aparır. Ali məktəbi əla qiymətlərlə bitirən məzun işsiz gəzib dolaşır, onunla bərabər oxuyan və ondan çox zəif oxuyan tələbə müxtəlif yollarla yaxşı vəzifə tutur. Buna görə də Azərbaycanda təhsilə yalnız diploma sahib olmaq vasitəsi kimi baxırlar. Əlbəttə ki, istisnalar da var”, - deyə o əlavə edib.