DİM sədri 2027-ci ildə imtahanlarda ediləcək dəyişiklikləri açıqladı
2027-ci ildə 9-cu sinif buraxılış və ali məktəblərə qəbul imtahanlarının modelində dəyişiklik olmayacaq. 11-ci sinif buraxılış imtahanında isə xarici dil fənni üzrə yeni yazı tapşırığı tətbiq ediləcək.
Bu barədə Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə “Facebook” hesabında yazıb.
O bildirib ki, 2027-ci il üzrə buraxılış və qəbul imtahanı proqramlarının məzmununda ciddi dəyişiklik nəzərdə tutulmur:
“Hazırda ümumi orta və tam orta təhsil səviyyələri üzrə buraxılış, eləcə də ali təhsil müəssisələrinə qəbul imtahanlarının proqramlarının hazırlanması yekunlaşır. Proqramlar yaxın günlərdə Dövlət İmtahan Mərkəzinin saytında yerləşdiriləcək”.
DİM sədrinin sözlərinə görə, proqramlar hazırlanarkən 5–11-ci sinif dərslikləri təhlil edilib, 9 və 11-ci sinif şagirdlərinin əvvəlki illərdə istifadə etdikləri dərsliklər hazırkı nəşrlərlə müqayisə olunub. Nəticədə proqramlarda yalnız redaktə xarakterli düzəlişlər aparılıb.
M.Abbaszadə qeyd edib ki, yeni kurikulumlar əsasında hazırlanmış dərsliklər mərhələli şəkildə istifadəyə verilir. Cari tədris ilində Azərbaycan dili üzrə 7-ci, kimya, biologiya və fizika üzrə 7, 8 və 9-cu, coğrafiya üzrə 6, 7 və 8-ci, tarix üzrə isə 6 və 7-ci siniflər üçün yeni dərsliklərdən istifadə olunacaq.
Yeni nəşrlərə maliyyə və media savadlılığı, rəqəmsal bacarıqlar və kibertəhlükəsizlik kimi mövzular daxil edilib. Bununla belə, hazırda 11-ci sinifdə oxuyan şagirdlər həmin dərsliklər üzrə təhsil almadıqları üçün yeni nəşrlərdəki materiallar 2027-ci ilin imtahan proqramlarına salınmayıb.
Müvafiq mövzular üzrə əvvəlki nəşrlərə istinad ediləcək və həmin materiallar DİM-in saytında yerləşdiriləcək.
“Proqramlara yalnız tədris prosesində keçilən mövzular daxil edilib. Dərsliklərdən kənar heç bir mövzu imtahan proqramlarına salınmayıb”, – DİM sədri vurğulayıb.
Məleykə Abbaszadə imtahan modelləri ilə bağlı dəyişiklikləri də açıqlayıb:
9-cu sinif üzrə buraxılış imtahanında 2026-cı ildə tətbiq olunan model saxlanılacaq;
11-ci sinif üzrə buraxılış imtahanında yalnız xarici dil fənni üzrə dəyişiklik ediləcək;
ali təhsil müəssisələrinə qəbul imtahanlarının modeli dəyişməyəcək.
11-ci sinif buraxılış imtahanında xarici dil üzrə şagirdlərin yazı bacarıqlarını yoxlamaq məqsədilə yeni tapşırıq formasından istifadə olunacaq. İmtahan iştirakçıları verilmiş sual və ya fikir əsasında fakt və mülahizələr irəli sürərək düşüncələrini ifadə edən kiçikhəcmli mətn yazacaqlar.
DİM sədri şagird və valideynlərə qeyri-rəsmi məlumatlara deyil, qurum tərəfindən dərc olunacaq rəsmi imtahan proqramlarına əsaslanmağı tövsiyə edib.

