ADRA ağacların üzərində yerləşdirilmiş 267 reklam qurğusunu demontaj edib
Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi tərəfindən (ADRA) həyata keçirilən monitorinqlərin nəticəsi olaraq, 2026-cı ilin yanvar-avqust ayları ərzində Bakıda və regionlarda ağacların üzərində qanunsuz yerləşdirilmiş ümumilikdə 267 reklam qurğusu demontaj edilib.
Bu barədə ADRA-dan məlumat verilib.
Bildirilib ki, ətraf mühitin qorunması və yaşıllıqların mühafizəsi hər birimizin üzərinə düşən mühüm məsuliyyətdir:”Ağaclar ətraf mühitin ayrılmaz hissəsi olmaqla yanaşı, təbiətin tarazlığının qorunmasında və sağlam ekoloji mühitin təmin edilməsində önəmli rol oynayır. Bir daha bütün vətəndaşları və sahibkarları yaşıllıqlara hörmətlə yanaşmağa çağırırıq”.
Qeyd edək ki, reklam qurğularının istinad divarlarında, ağaclarda, qayalarda və digər təbiət obyektlərində quraşdırılmasına icazə verilmir. Qanunvericiliyin tələblərinə zidd quraşdırılmış reklam qurğularının müəyyənləşdirilməsi və demontajı istiqamətində nəzarət tədbirləri bundan sonra da davam etdiriləcək. İnzibati Xətalar Məcəlləsinə əsasən, müvafiq tələblərin pozulmasına görə fiziki şəxslər 300 manatdan 500 manatadək, vəzifəli şəxslər 1500 manatdan 2500 manatadək, hüquqi şəxslər isə 5000 manatdan 10000 manatadək məbləğdə cərimə edilə bilərlər.

