Vaşinqtonda ABŞ-ın Qafqazda siyasəti üzrə dinləmələr keçirilib

Noyabrın 16-da ABŞ Senatının Xarici münasibətlər komitəsində ABŞ-ın Qafqazda siyasətinə dair dinləmələr keçirilib.

Dinləmələrdə əsasən Demokratlar Partiyasından olan senatorlar iştirak ediblər. ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid və ABŞ Dövlət katibinin Qafqazda danışıqlar üzrə baş müşaviri Filip Riker məruzələrlə çıxış ediblər.

Dinləmələri açan Senatın Xarici münasibətlər komitəsinin sədri, ermənipərəst senator Bob Menendes bildirib ki, Cənubi Qafqaz regionu Qərblə Şərq arasında körpüdür. O, açıq şəkildə qeyd edib ki, Azərbaycanın ABŞ hökumətindən yardım almasının qəti əleyhinədir.

Dövlət katibinin köməkçisi Karen Donfrid çıxışında deyib ki, Ermənistanın və Azərbaycanın 30 illik münaqişəyə son qoymaq və davamlı sülhə nail olmaq üçün tarixi imkanları var. O, sentyabr ayında döyüşlərin başladığı zaman bunun münaqişə tərəfləri arasında davamlı sülh sazişi olmadan atəşkəs rejiminin nə qədər kövrək ola biləcəyini hamıya xatırlatdığını vurğulayıb. K.Donfrid Dövlət katibi Antoni Blinken və milli təhlükəsizlik müşaviri Ceyk Sallivanın erməni və Azərbaycan tərəfləri arasında görüşlərin sürətləndirilməsi ilə bağlı şəxsi səylərini yüksək qiymətləndirib. Sentyabr döyüşləri zamanı saxlanılan 17 erməni hərbçinin həmin görüşlər nəticəsində azad edildiyini diqqətə çatdırıb. O, həmçinin bildirib ki, ABŞ üçtərəfli atəşkəs sazişinin imzalanmasından sonra saxlanılan erməni şəxslərin daha sonra azad olunmasını alqışlayır. Türkiyənin regiondakı rolundan bəhs edən K.Donfrid diqqətə çatdırıb ki, ABŞ hökuməti Türkiyə-Ermənistan dialoqunu çox müsbət qiymətləndirir. ABŞ hökuməti hesab edir ki, Ermənistanla Azərbaycan arasında sülh səylərinin dəstəklənməsi düzgün qərardır və beynəlxalq birliyin maraqlarına cavab verir. ABŞ hər iki ölkənin öz suverenliyini sərbəst ifadə edə bilməsi üçün onlara sülhün əldə edilməsində kömək göstərməyə hazırdır.

Bakı ilə ikitərəfli münasibətlərə toxunan K.Donfrid Azərbaycanın ABŞ-ın etibarlı tərəfdaşı olduğunu deyib. Qeyd edib ki, ABŞ-da 11 sentyabr terror aktlarından dərhal sonra Azərbaycan qlobal terrorizmə qarşı mübarizədə Amerikaya yardım etmək təşəbbüsü ilə çıxış edib və 2021-ci ildə Kabili tərk edən sonuncu tərəfdaş olub. Əməkdaşlıq illəri ərzində Azərbaycan Birləşmiş Ştatlarla narkotiklərin qarşısının alınması, terrorizmlə mübarizə, enerji təhlükəsizliyinin, o cümlədən Xəzərdə enerji infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi sahələrində əməkdaşlıq edib.

Dövlət katibinin köməkçisinin sözlərini təsdiqləyən səfir Filip Riker Ermənistanla Azərbaycan arasında sülh potensialını yüksək qiymətləndirib. O deyib ki, ABŞ xüsusilə sentyabr döyüşlərindən sonra Ermənistanla Azərbaycan arasında bir çox görüşlərə şərait yaradıb və bu görüşlər davam etdirilir. Vurğulanıb ki, Praqa görüşü iki mühüm addıma, o cümlədən konsensusa nail olunması və Aİ-nin beynəlxalq sərhədlərin müşahidə olunması imkanlarının tanınmasında 1991-ci il Alma-Ata Bəyannaməsinin prinsiplərinin qarşılıqlı qəbuluna gətirib çıxarıb. ABŞ Aİ-dəki tərəfdaşları vasitəsilə və ATƏT kimi təşkilatlarda regionda ikitərəfli əsasda qarşılıqlı fəaliyyət göstərir. Bildirilib ki, Dövlət katibi Blinken sülh danışıqlarını sürətləndirmək üçün Ermənistan və Azərbaycan nazirlərini qəbul edib. F.Riker qeyd edib ki, xarici tərəflərin deyil, İrəvan və Bakının təşəbbüsü ilə Ermənistanla Azərbaycan arasında aparılan birbaşa danışıqlarda uğur əldə etmək şansı çox yüksəkdir. Dövlət katibi A.Blinken Ermənistanla Azərbaycan arasında sərhədin demarkasiyası ilə bağlı texniki yardımı təklif edib. O deyib ki, etnik ermənilərin təhlükəsizliyi sülh sazişi çərçivəsində təmin edilməlidir. Prezident İlham Əliyev çıxışlarında və səfir F.Rikerlə söhbətində bu barədə dəfələrlə bildirib.

Daha sonra tədbirdə erməni lobbisinin yeganə fəal nümayəndəsi kimi senator Menendes Qarabağdan 100 min erməninin “məcburi” köçürülməsi və 2020-ci ildə müharibə zamanı 6500 nəfərin həlak olması, guya “Azərbaycan tərəfindən kaset bombalarından istifadə edilməsi” və digər məsələlərlə bağlı sual verib, Azərbaycanın “təcavüzkar” olduğunu və ABŞ-ın Azərbaycana hərbi yardımı qadağan edən Azadlığa Dəstək Qanununa 907-ci düzəlişindən imtina müddətinin uzadılmasını imzalamağı dayandırmalı olduğunu bildirib. ABŞ Senatında erməni təbliğatının ruporu xatırlatmağı unudub ki, məhz Ermənistan 1990-cı illərdə Qarabağdan olan 750 mindən çox azərbaycanlını etnik təmizləməyə məruz qoyaraq beynəlxalq hüququ, Azərbaycanın ərazi bütövlüyünü və beynəlxalq humanitar hüququnu pozub. Eyni zamanda, erməniləri Yaxın Şərqdən tarixi Azərbaycan torpaqlarına, xüsusilə də keçmiş DQMV-nin sərhədlərindən kənar rayonlara köçürərək 1949-cu il Cenevrə Konvensiyasının 49-cu maddəsini pozub. O, həmçinin Helsinki sazişlərində qeyd olunan prinsipləri, o cümlədən ərazi bütövlüyü prinsipini, BMT Nizamnaməsinin Azərbaycanın özünümüdafiə hüququnu və Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərini azad etmək hüququnu təsbit edən 51-ci maddəsini də unudub.

Cavabında Dövlət katibinin köməkçisi Karen Donfrid Dövlət Departamentinin davamlı sülhə nail olmağa çalışdığını bildirib. "Hər iki ölkədən sülhə nail olmaq üçün tarixi imkanın olduğunu eşidirik", - deyə o söyləyib. K.Donfrid vurğulayıb ki, 907-ci düzəlişdən imtina ABŞ-ın milli maraqlarına cavab verir və bu da öz növbəsində qaçaqmalçılığa qarşı mübarizəni asanlaşdırır, Xəzərdə enerji infrastrukturunun təhlükəsizliyinin təmin edilməsinə kömək göstərir və Azərbaycandan olan hərbçilərə Qərb hərbi təhsili almaları üçün şərait yaradır. Regionda tərəflərə humanitar yardımdan danışarkən səfir F.Riker deyib ki, Dövlət Departamenti humanitar yardıma olan ehtiyacları və onun göstərilməsi yollarını qiymətləndirir. ABŞ-ın minalardan təmizləmə üçün əhəmiyyətli maliyyəsi var və hər iki tərəf kömək almaqda maraqlı olduğunu bildirib. O vurğulayıb ki, müharibə başa çatdıqdan sonra mina partlayışları nəticəsində Azərbaycan bir çox mülki şəxs itirib. Onun sözlərinə görə, sentyabr ayında minalardan təmizləmə üçün 2 milyon dollar ayrıldığı elan edilib.

Senator Ben Kardinin ATƏT-in Minsk qrupunun işini dayandırmağın vaxtının gəlib-gəlmədiyi ilə bağlı sualına cavab verən səfir F.Riker deyib ki, Minsk qrupu ATƏT-in mandatı ilə yaradılıb və hazırda o "fəaliyyət göstərmir". O xatırladıb ki, fransız həmkarı və digər maraqlı tərəflərlə əlaqə saxlayır, lakin Azərbaycan artıq Minsk qrupu ilə heç bir işi olmayacağını bildirib. Səfir Riker deyib ki, "konsensus əsasında biz bu mandatı ləğv edə bilərik, çünki ABŞ tərəflərin özləri ilə sülh danışıqlarında birbaşa iştirak edir".

Dinləmələr zamanı senatorlar Tim Keyn və Cin Şahin Ukrayna və Gürcüstan, eləcə də Qara dəniz regionu ilə bağlı müxtəlif suallar veriblər. Senator Kris Mörf, Türkiyənin bölgədəki rolu haqqında daha çox məlumatın təqdim olunmasını xahiş edib və bildirib ki, regiondakı son zorakılıqlar zamanı Ankaranın Azərbaycanı dəstəklədiyinə dair heç bir dəlil yoxdur. Cavabında Dövlət katibinin köməkçisi K.Donfrid Türkiyənin regionda mühüm tərəfdaş olduğunu bildirib. "Biz Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşmasını dəstəkləyirik. Türkiyə bu istiqamətdə irəliləmək əzmindədir. Həm Türkiyə, həm də Ermənistan normallaşdırma üçün xüsusi elçilər təyin edib və etimadın möhkəmləndirilməsinə dair tədbirlərə başlayıblar", - deyə o qeyd edib. Vurğulanıb ki, Vaşinqtonun rolu münasibətlərin normallaşmasını təmin etmək üçün bu addımları təşviq etməkdən ibarətdir.

Senator Kris Mörfün Azərbaycanın Avropanın enerji təhlükəsizliyində artan rolu ilə bağlı sualına cavablandıran K.Donfrid qeyd edib ki, bu il Avropada enerji mənzərəsi köklü şəkildə dəyişib və bu kontekstdə Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycan çox mühüm rol oynayır və oynamağa davam edəcək. Senator Kris Van Hollenin bölgədəki münaqişə ilə bağlı suala cavabında Dövlət katibinin köməkçisi deyib ki, Dövlət Departamentinin niyyəti şiddətə son qoymaq və sülhü təşviq etməkdir.

Səfir F.Riker əlavə edib ki, Dövlət katibi Blinken son bir neçə gün ərzində hər iki liderlə danışıb, bu yaxınlarda isə xarici işlər nazirləri Vaşinqtonda ABŞ-ın vasitəçiliyi ilə ikitərəfli görüş keçiriblər. Görüşdən sonra nazirlər birgə bəyanatla çıxış ediblər. “Bu, tərəflər üçün əvvəllər olmayan bir nailiyyət idi. Beş prinsip üzrə konsensus var", - deyə o bildirib. Səfir qeyd edib ki, bu, özü-özlüyündə irəliləyişdir.

Senator Ed Markinin 907-ci düzəlişdən imtinanın müddətinin uzadılması ilə bağlı sualına cavab verən K.Donfrid Dövlət Departamentinin 907-ci düzəlişdən imtinanın vaxtının niyə uzadılmasına qərar verdiyini izah edib. O bildirib ki, bu yardım NATO ilə Azərbaycan arasında operativ yardımın möhkəmləndirilməsinə, Azərbaycan Silahlı Qüvvələrində Qərb təhsilinin rolunun artırılmasına, İranla 475 kilometrlik sərhədin gücləndirilməsinə, Xəzərdə enerji resurslarının təhlükəsizliyinin təmin olunmasına kömək edir. O, həmçinin qeyd edib ki, Azərbaycan 2022-ci ildə Avropaya enerji axınını artırıb.

K.Donfrid deyib ki, ABŞ-ın Azərbaycana bütün maliyyə yardımı Ermənistanla Azərbaycan arasında sülh danışıqlarının gedişatını pozmamaq üçün hərtərəfli düşünülüb. Xarici qüvvələrin Ermənistana təsirindən danışan səfir F.Riker deyib ki, Rusiyanın Ermənistanla tarixi əlaqələri var. Ermənistanın acınacaqlı vəziyyətində Azərbaycanın günahlandırılmasına dair eqoist şəxsi maraqlarına heç bir dəstəyin verilmədiyini görən senator Menendes deyib ki, ifadələr onu məyus edib və ABŞ-ın Azərbaycanla əməkdaşlıq etdiyi ona aydın olub. Menendes sonda təəssüflə söyləyib: “Dövlət katibinə deyərsiniz ki, mən narazılığımı bildirəcəyəm”. (AZƏRTAC)