Tarix İnstitutunda “Atropat-2350” mövzusunda elmi konfrans

Tarix İnstitutunun Atropatena-Albaniya (Qafqaz) tarixi şöbəsinin təşkilatçılığı ilə “Atropat-2350” mövzusunda respublika elmi konfransı keçirilib.

İnstitutdan  bildirilib ki, konfransda respublikanın müxtəlif elmi müəssisə və universitetlərində qədim dövr tarixi ilə məşğul olan mütəxəssislərin mövzu ilə bağlı məruzələri dinlənilib. İnstitutun baş direktoru professor Kərim Şükürov bildirib ki, konfransın keçirilməsində məqsəd Azərbaycan tarixinin daha ciddi tədqiqatlara ehtiyacı olan sahələrindən biri kimi atropatenaşünaslığa töhfə vermək, bu sahədəki boşluqları müəyyən etməkdir. Qeyd olunub ki, konfrans yaxın gələcək üçün institutun elmi-tədqiqat istiqamətləri arasında ən mühüm qollardan birini təşkil etməlidir.

Daha sonra “Atropat və Makedoniyalı İsgəndər”, “Karibtu-Kerefto: Atropatenada Heraklın kult mərkəzi”, “Makedoniyalı İsgəndərin müasiri olan iki Atropat: şəxsiyyətin indentifikasiyası ilə bağlı problemlər”, “Cənubi Azərbaycan III-IX əsrlərdə (Suriya mənbələri əsasında)”, “Atropatena tarixinin öyrənilməsində Naxçıvan arxeoloji abidələrinin rolu”, “Arpaçay vadisinin Atropatena dövrü abidələri”, “Atropatenanın dəfn formaları (Piboz nekropolu tədqiqatları əsasında)” , “Zəngəzur eramızdan əvvəl IV – bizim eramızın III əsrlərində”, "Atropatena Polibi və Strabonun qeydlərində”, “Flavi Arrian Atropat haqqında” mövzuları üzrə məruzələr dinlənilib.

Sonda məruzəçilərə verilən suallar əsasında elmi diskussiya aparılıb.