“Bərdə” gəmi-bərəsi əsaslı təmir olunaraq yenidən istismara qaytarılıb

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Dəniz Nəqliyyatı Donanmasına məxsus “Bərdə” gəmi-bərəsi əsaslı təmir edilib.

ASCO-dan bildirilib ki, “Zığ” gəmi təmiri və tikintisi zavodunda aparılan təmir işləri yüksək keyfiyyətlə və vaxtında həyata keçirilib. Gəmi-bərənin baş və köməkçi mühərrikləri, nasos və soyuducuları əsaslı təmir edilib. Gəminin köməkçi buxar və köməkçi qazanlarında zəruri işlər yerinə yetirilib. Gəmi üzrə gövdə qaynaq, boruquraşdırma, avtomatika işləri görülüb, elektrik avadanlıqları təmir olunub, yeni kompressorlar quraşdırılıb.

Rabitə və elektroradionaviqasiya sahəsinə aid müasir, yeni tipli qəza-xilasetmə radiostansiyaları, Avtomatik İdentifikasiya Sistemi (AİS), radiolokasiya stansiyaları quraşdırılıb. Bundan başqa, gəmi-bərənin yaşayış və xidməti otaqları müasir tələblər səviyyəsində təmir edilib, yeni mebellər quraşdırılıb. “Bərdə” gəmi-bərəsinin sualtı və suüstü hissəsi, baş göyərtəsi də obraziv qumla təmizlənərək rənglənib.

Dəniz-sınaq yoxlamasından uğurla çıxan gəmi-bərə yenidən istismara qaytarılıb. Uzunluğu 154,5, eni isə 17 metr olan gəminin maksimal sürəti 12,5 uzeldir.