Bu şəxslər aqrar sığorta eksperti ola bilərlər

Aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspert sertifikatı almaq istəyən namizədlər üçün növbəti təlimlərə qeydiyyat davam edir.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən  bildirilib ki, Nazirlər Kabinetinin 2022-ci il 4 oktyabr tarixli 380 nömrəli qərarı ilə təsdiq edilmiş “Aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspertlərin imtahanının keçirilməsi Qaydası”na əsasən, peşə məktəbləri, kolleclər, bakalavr və magistr dərəcəsində müvafiq ixtisaslarda təhsil almış şəxslər aqrar sığorta eksperti ola bilərlər.

Müvafiq ixtisaslara sahib olan şəxslər aqrar sığorta eksperti olmaq üçün Aqrar Sığorta Fonduna (ASF) müraciət edərək təlimlər üçün qeydiyyatdan keçməlidirlər.

Təlim prosesində nəzərdə tutulan qaydada iştirak edən ekspertlər Dövlət İmtahan Mərkəzinin (DİM) elan etdiyi imtahanda iştirak etməlidirlər. İmtahanda ən azı 60 faiz bal toplayan namizədlərə 5 il müddətinə sertifikat verilir. Onların adı Mərkəzi Bankın müvafiq reyestrinə daxil edilir. Sertifikat əldə edən şəxslər ASF ilə xidməti müqavilə bağlayaraq aqrar sığorta eksperti kimi fəaliyyətə başlayırlar.

Təlimlərdə iştirak etmək istəyən namizədlərin sənədləri 2026-cı il oktyabrın 11-dək qəbul ediləcək. Təlimlər 2026-cı il 17-24 oktyabr tarixlərində, ASF-nin binasında – Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti 175 ünvanında təşkil ediləcək.

Təlimlərin təşkili və keçirilməsi ilə bağlı əlavə məlumat almaq üçün 1651 Çağrı mərkəzi və ya 055 500 84 23 nömrəsinə zəng etmək, həmçinin məlumatları [email protected] elektron poçt ünvanına göndərmək olar.

Qeyd edək ki, ekspertlər təsərrüfatlara sığortadan əvvəl baxış keçirir, eləcə də təsərrüfatlarda baş vermiş hadisəni araşdırır və zərərləri hesablayırlar. Fermerlərlə müqavilə bağlanması və hadisə baş verdiyi halda zərər ödənişlərinin hesablanması məhz aqrar sığorta ekspertlərinin rəyi əsasında həyata keçirilir.

Aqrar sığorta eksperti fəaliyyəti ödənişli xidmətdir. ASF ilə ekspertlər arasında imzalanan xidməti müqaviləyə əsasən, yerinə yetirilən işlər müqabilində ekspertlərə xidmət haqqı ödənilir.

Aqrar sığorta ekspertlərinin xidmət haqları fəaliyyət növündən, müqavilə sayından, ərazinin sahəsindən asılı olaraq dəyişir.