Ağacların qanunsuz kəsilməsi nəticəsində təbiətə 27 min manatdan çox ziyan dəyib

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Bakı, Sumqayıt şəhərləri və Füzuli, Ağsu, Lənkəran rayonlarında ağacların qanunsuz kəsildiyi müəyyən edilib.

Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı Bakı şəhərinin Səbail rayonu, Badamdar qəsəbəsi, Sumqayıt şəhərinin Polad Həşimov və Sülh küçələri, Füzuli rayonunun Qayıdış qəsəbəsi-2, Lənkəran rayonunun Təngivan kəndi və Ağsu rayonunun Kalva kənd Mədəniyyət evinin ərazisində ağacların kəsildiyi və təbiətə ümumilikdə 27 min 270 manat məbləğində ziyan dəydiyi məlum olub.

Faktlarla bağlı akt tərtib edilib və hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.