Emin Hüseynov: İşğaldan azad edilən ərazilərdə ilk növbədə yolların və kommunikasiya xətlərinin bərpasına üstünlük verilir

Nəqliyyat və kommunikasiya xətləri çəkilmədən bərpa zamanı digər işləri yerinə yetirmək olduqca çətindi. Bu baxımdan işğaldan azad edilən ərazilərdə ilk növbədə yolların və kommunikasiya xətlərinin bərpasına üstünlük verilir.

Bu sözləri Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov mətbuat nümayəndələrinə müsahibəsində deyib.

O bildirib ki, cari ilin sonunadək Füzuli-Hadrut, Bərdə-Ağdam, Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yollarının layihələndirilməsinin başa çatadırılması planlaşdırılır.

Əhmədbəyli-Şuşa avtomobil və Horadiz-Ağbənd dəmir yollarında böyük irəliləyiş əldə olunub. Avtomobil yolunun layihələndirilməsi 73, dəmir yolunun layihələndirilməsi isə 33 faiz tamamlanıb.

Emin Hüseynov, həmçinin Zəngilan rayonunun Ağalı kəndində artıq 86 ailənin evlə timin edildiyini və yaşadıqlarını nəzərə çatdırıb.//AZƏRTAC