Sadiq Qurbanov: Əkin sahələrinin suvarma suyu ilə təminatı 90 faizə çatdırılacaq

Əkin sahələrinin suvarma suyu ilə təminatı 80 faizdən 90 faizə çatdırılacaq.

Yerveinsan.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov martın 17-də Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında hesabatın təqdimatı ilə bağlı keçirilən müzakirələrdə bildirib.

Ölkəmizdə ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan səmərəli istifadə olunması istiqamətində mühüm tədbirlər həyata keçirildiyini vurğulayan komitə sədri dünyanı narahat edən iqlim dəyişikliyi nəticəsində ölkədə su və meliorasiya sahəsində narahatlıqların meydana gəldiyini bildirib. Onun sözlərinə görə, sosial inkişaf strategiyasına əsasən, təmiz ətraf mühit və yaşıllaşdırma çərçivə sənədinə uyğun olaraq təbii ehtiyatlardan davamlı və səmərəli istifadə nəzərdə tutulur.

Su qıtlığı problemindən danışan Sadiq Qurbanov mövcud ehtiyatlardan səmərəli istifadə olunmasının vacibliyini vurğulayıb, əkin sahələrinin suvarılmasında qənaətyönümlü metodlardan istifadəni zəruri hesab edib.

“Suyun uçotunun düzgün aparılmaması və düzgün bölüşdürülməməsi, israfçılıq problemlərə yol açır. Mövcud problem hər birimizi düşündürməlidir və sudan qənaətlə istifadə etməliyik”, - deyə Sadiq Qurbanov bildirib.