DİM: Bu gündən etibarən imtahan protokollarının emalına başlanılır

Aprelin 16-da Bakı şəhərinin Binəqədi, Qaradağ, Suraxanı, Yasamal rayonlarında, Gəncə (II hissə), Sumqayıt (I hissə) şəhərlərində, Abşeron (I hissə), Ağdaş, Beyləqan, Cəlilabad (I hissə), Füzuli, Göyçay (I hissə), Göygöl, Gədəbəy, Hacıqabul, Xaçmaz (I hissə), Qəbələ, Qobustan, Quba (I hissə), Masallı (I hissə), Neftçala, Oğuz, Sabirabad, Tovuz, Yardımlı, Zəngilan (Ağalı kəndi) rayonlarında ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirilib.

Bu barədə Yerveinsan.az-a Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.

Bildirilib ki, imtahanın keçirildiyi şəhər və rayonlarda ümumilikdə 201 imtahan binası, 3582 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 567 imtahan rəhbəri və ümumi rəhbər, 4483 nəzarətçi-müəllim, 663 buraxılış rejimi əməkdaşı (mühafizə), 201 bina nümayəndəsi ayrılıb. İmtahanda 48 min 49 şagirdin iştirakı gözlənilirdi.

İmtahanda 21 nəfər fiziki məhdudiyyətli (I qrup gözdən əlil, eşitmə əngəlli və digər) şagird də iştirak edib. Onların rahat şəkildə imtahan verməsi üçün ayrıca zallar ayrılıb, gözdən əlillər üçün tapşırıqların oxunması, cavab vərəqinin doldurulması və s. işlər üçün fərdi nəzarətçilər təyin edilib. Həmçinin eşitmə əngəlli şagirdlərin dinləmə ilə bağlı qüsurları nəzərə alınaraq onlar üçün xüsusi test kitabçaları hazırlanıb. Hərəkət məhdudiyyətli şagirdlərin bina və zala daxil olması və rahat şəkildə hərəkəti üçün də xüsusi şərait yaradılıb.

Bu gün, həmçinin Zəngilan rayonunun Ağalı kənd tam orta məktəbində də buraxılış imtahanı keçirilib. Bu artıq DİM-in Ağalıda təşkil etdiyi ikinci imtahandır. Martın 12-də keçirilən ilk imtahanda 11-ci, bu gün isə 9-cu sinif şagirdləri imtahan veriblər.

İlkin məlumatlara əsasən, 3 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric edilib. 1 nəzarətçi isə köçürməyə şərait yaratdığı üçün imtahandan kənarlaşdırılıb. İmtahanda iştirak etmək üçün tələb olunan sənədləri qaydasında olmayan - şəxsiyyət vəsiqəsini evdə unudan, şəxsiyyəti təsdiq edən sənədin surəti ilə imtahana gələn və ya vəsiqəsində şəkli olmadığı üçün məktəbdən verilən şəkilli arayışı özü ilə gətirməyən şagirdlər də olublar.

Növbəti imtahanlarda iştirak edəcək şagirdlərə bir daha xatırladılır ki, sənədləri ilə diqqətli olsunlar. İmtahana gələrkən buraxılış vərəqəsini, şəxsiyyəti təsdiq edən sənədin əslini (şəxsiyyət vəsiqəsində şəkli olmayan şagirdlər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa şagirdin 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir) gətirməyi unutmasınlar.

Bu gündən etibarən DİM-də imtahan protokollarının və cavab vərəqələrinin emalına başlanılacaq.

İmtahan nəticələrinin yazılı cavab tələb edən tapşırıqların yoxlanılması vaxt tələb etdiyi üçün bir ay ərzində elan olunması nəzərdə tutulur.