Ceyhun Bayramov: Bu gün üçrəngli bayrağımız işğaldan azad olunmuş torpaqlarımızda qürurla dalğalanır

Yerveinsan.az xəbər verir ki, Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş "Heydər Əliyev və Azərbaycanda müstəqil dövlət quruculuğu: sosial iqtisadi keçidin tarixi və müasirliyi" mövzusunda konfransda çıxış edib. Yerveinsan.az çıxışı təqdim edir.


Hörmətli cənab Baş nazir,
Hörmətli həmkarlar,
Xanımlar və cənablar,


Bu il 100 illik yubileyini böyük ehtiram və minnətdarlıq ilə qeyd etdiyimiz Ulu Öndər Heydər Əliyevin Azərbaycan tarixində yeri və dövlət quruculuğunda müstəsna rolu barədə danışarkən, Ulu Öndərin qarşıya qoyduğu mühüm vəzifələrdən biri kimi, milli mənafelərə əsaslanan səmərəli və praqmatik xarici siyasət strategiyasını xüsusilə qeyd etmək istərdim.
30 il bundan öncə, 1993-cü ilin iyun ayında xalqın tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər nəinki ölkəmizdə siyasi sabitlik və təhlükəsizliyin bərqərar olmasına nail oldu, həmçinin dahi liderin rəhbərliyi altında Azərbaycanın milli maraqlarına əsaslanan müstəqil, sağlam, düşünülmüş və uzaqgörən xarici siyasət kursunun təməli qoyuldu. Ulu Öndər Heydər Əliyev 1993-cü ilin 15 iyun tarixində Parlamentin tarixi iclasında çıxışında xarici siyasətin başlıca vəzifələrini və istiqamətlərini, region və dünya dövlətləri ilə əlaqələrin əsas istiqamətlərini müəyyənləşdirdi.
Ümummilli Lider Azərbaycanın dövlətçilik mənafelərini hər şeydən uca tutaraq, müxtəlif ölkələrin Qafqaz və bilavasitə Azərbaycan Respublikası ilə bağlı maraqlarını və bu bölgədə nüfuz dairəsi uğrunda mübarizələrini nəzərə alaraq, çevik manevrlər və xüsusi taktiki gedişlər etdi.
Həmin dövrün mürəkkəbliyi və çətinliyi fonunda ölkəmizin həm ikitərəfli, həm də çoxtərəfli səviyyələrdə əməkdaşlıq əlaqələrinin qurulması və inkişaf etdirilməsi təmin olundu, o cümlədən enerji resurslarının dünya bazarlarına çıxarılması, nəqliyyat infrastrukturunun inkişafı, xüsusilə keçmiş Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı işğalçı tərəfə beynəlxalq təzyiqin gücləndirilməsi istiqamətində praqmatik və hərtərəfli addımlar atıldı.
Sözsüz ki, Heydər Əliyevin xarici siyasət strategiyasının bir nömrəli prioriteti, Ulu Öndərin Milli Məclisdəki çıxışında da qeyd etdiyi kimi, “Azərbaycan xalqının tarixi nailiyyəti olan Azərbaycan Respublikasının dövlət müstəqilliyini qorumaq, möhkəmləndirmək, inkişaf etdirmək” olmuşdur.
Məlumdur ki, bu yolda dövlətimizin qarşısında duran ən böyük təhdid Ermənistanın Azərbaycana qarşı təcavüz siyasəti və onun ağır nəticələri idi. Ümummilli Lider “Müstəqilliyi, suverenliyi təmin etmək üçün Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal olunmuş torpaqları geriyə qaytarılmalıdır. Azərbaycan Respublikasının ərazi bütövlüyü təmin olunmalıdır, müharibə qurtarmalıdır, sülh yaranmalıdır” - deyərək keçmiş münaqişənin həllini ən vacib məsələ kimi xarici siyasət gündəliyində müəyyən etmişdi. Bu istiqamətdə atılmış mühüm addımlardan biri, heç şübhəsiz ki, Azərbaycanın ağır siyasi və iqtisadi vəziyyəti, habelə Ermənistanın davam edən hücumları kontekstində, atəşkəsin əldə edilməsi oldu.
Bununla yanaşı, Ulu Öndərin bir sıra xarici ölkələrə səfərləri, keçirdiyi görüşlər, eləcə də dünyanın ayrı-ayrı dövlətlərindən respublikamıza gələn nümayəndələrlə aparılan danışıqlar Ermənistanın Azərbaycana təcavüzü haqqında həqiqətlərin beynəlxalq aləmə çatdırılması baxımından əhəmiyyətli rol oynadı. Dünya birliyinin Azərbaycana münasibətdə mövqeyindəki təkamül ATƏT-in 1994-cü il Budapeşt və 1996-cı il Lissabon sammitlərində xüsusilə aydın şəkildə özünü göstərdi. Lissabon sammitində ilk dəfə olaraq, Ermənistan istisna olmaqla ATƏT-in bütün iştirakçı dövlətləri münaqişənin həll edilməsində Azərbaycanın milli mənafelərini əks etdirən prinsipləri açıq şəkildə dəstəklədi. Bu sammit zamanı, Ermənistan tarix boyu unutmayacağı təzyiqlərlə üzləşdi. Bu, Azərbaycanın xarici siyasətinin böyük uğuru idi. Beləliklə, Ulu Öndərin xarici dövlətlərə etdiyi çoxsaylı səfərlər, bu səfərlər çərçivəsində digər dövlətlərə ölkəmizin mövqeyi haqqında birinci şəxs tərəfindən məlumatın verilməsi, ölkəmizin üzləşdiyi informasiya blokadasının aradan qaldırılmasına gətirib çıxardı.
Münaqişənin həlli ilə bağlı aparılan məqsədyönlü siyasət nəticəsində çoxsaylı beynəlxalq təşkilatlar, o cümlədən BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş mühüm qərar və qətnamələrin mühüm əhəmiyyətə malik olduğu bəllidir. Bu sənədlər öz-özlüyündə münaqişənin həllində birbaşa açar rolunu oynamasalar da, onlar, birmənalı şəkildə münaqişənin həllinin möhkəm hüquqi bazasını təşkil edirdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu məsələ ilə bağlı illər sonrakı, 2020-ci il 10 dekabr tarixli Zəfər paradında çıxışı bir daha beynəlxalq səviyyədə Azərbaycanın həqiqətlərinin irəlilədilməsi istiqamətində aparılan işin əhəmiyyətini təsdiqləyirdi. Dövlət başçısı çıxışında qeyd etdiyi kimi, “Biz uzun illər bütün beynəlxalq tədbirlərdə bu məsələ ilə bağlı həqiqətləri çatdırırdıq, böyük iş aparılmışdır və bu işin səmərəsi oldu. Baxmayaraq ki, biz ərazi bütövlüyümüzü döyüş meydanında qazandıq, hesab edirəm ki, son illər ərzində apardığımız siyasi və diplomatik səylər öz bəhrəsini verdi, bütün aparıcı beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıdı və bunu dəstəklədi”.
Heydər Əliyevin xarici siyasət strategiyasının prioritetləri sırasında qonşu dövlətlər başda olmaqla, dünyanın bir çox dövlətləri ilə qarşılıqlı faydalı ikitərəfli münasibətlərin qurulması və xarici siyasətimizin coğrafiyasının genişlənməsi də önəmli yer tutmuşdur. İndi Azərbaycanın dünyanın müxtəlif ölkələrində səfirlikləri, baş konsulluqları, o cümlədən beynəlxalq təşkilatlar yanında daimi nümayəndəlikləri aktiv fəaliyyət göstərməsi bu konsepsiyanın təməllərinin bəhrəsidir.
Azərbaycanın beynəlxalq münasibətlər sistemində nüfuzunun daha bir göstəricisi onun beynəlxalq təşkilatlar çərçivəsində fəaliyyətinin dəstəklənməsində və Azərbaycanın çoxtərəfli diplomatiyasında öz əksini tapır. Azərbaycanın aparıcı beynəlxalq təşkilatlara üzv olması, müxtəlif beynəlxalq təşkilatlarla formalaşdırılan geniş müqavilə-hüquq bazası, regional və qlobal əhəmiyyətli təşəbbüslərin, o cümlədən layihələrin həyata keçirilməsinin əsasının qoyulması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır.
2011-ci ilin oktyabr ayında Azərbaycan tarixində ilk dəfə olaraq BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmişdir. BMT-yə üzv dövlətlərin 155-nin dəstəyi nəticəsində ölkəmizin BMT TŞ-yə seçilməsi Azərbaycanın dünyada qazanmış olduğu hörmət və qlobal təhlükəsizliyə töhfəsinin göstəricisi idi. Bu gün Azərbaycan dünyada BMT-dən sonra ikinci ən böyük siyasi platforma hesab olunan Qoşulmama Hərəkatına sədrlik edir və Qoşulmama Hərəkatına Azərbaycanın sədrlik müddətinin daha bir il uzadılması barədə qərar Hərəkat çərçivəsində Azərbaycana göstərilən etimadın nümunəsidir. Bu gün bir çox ölkələr və beynəlxalq təşkilatların rəhbərləri Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin nümunəvi olduğunu qətiyyətlə vurğulayırlar.
Hörmətli xanımlar və cənablar,
Ulu Öndər Heydər Əliyevin ən böyük arzusu heç şübhəsiz ki, işğal altında olan torpaqlarımızın işğaldan azad olunması, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin təmin olunması idi. Ümummilli Lider hər zaman böyük əminliklə torpaqlarımızın azad olunacağına və xalqımızın öz yurd-yuvalarına, Şuşaya, Laçına və digər dədə-baba torpaqlarımıza qayıdacağını bildirirdi.
Bu missiya, Ulu Öndər irsinin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən yerinə yetirildi. Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində zəfər qazanaraq işğal altında olan torpaqlarımızı azad etdi.
30 ilə yaxın müddətdə Ermənistan işğalına və talanına məruz qalmış ərazilərimizin işğaldan azad edilməsi, bu ərazilərdən etnik təmizlənməyə məruz qalmış məcburi köçkünlərimizin öz doğma torpaqlarına geri qayıtması həm böyük siyasi, həm böyük strateji, eyni zamanda, çox böyük mənəvi əhəmiyyət daşıyır.
Böyük qələbə nəticəsində azad edilmiş torpaqlarımız dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın fəal iştirakı ilə yenidən dirçəlir. Bu gün üçrəngli bayrağımız işğaldan azad olunmuş torpaqlarımızda qürurla dalğalanır, Azərbaycan azad etdiyi ərazilərini qarış-qarış yenidən qurur və bərpa edir.
Bu gün, Azərbaycanın post-münaqişə dövründə regionda sülh səyləri xarici siyasət xəttimizdə yeni dövrün başlanğıcının göstəricisidir. 30 ilə yaxın davam etmiş hərbi işğala son qoyulması nəticəsində xarici siyasətimizin qarşısında ən böyük çağırış olan keçmiş münaqişənin həll olunması, regionda yeni reallıqların və gündəliyin yaranması xarici siyasətimizin üfüqlərinin genişlənməsində də mühüm rol oynayıb.
Bu gün cənab Prezident İlham Əliyevin rəhbərliyi altında ikitərəfli, o cümlədən çoxtərəfli platformalarda ölkəmiz üçün səmərəli nəticələr verən, hazırkı mürəkkəb konyunkturada bərabərhüquqlu münasibətlərin inkişafına istiqamətlənən müstəqil və prinsipial xarici siyasət kursunun icrası nəticəsində ölkəmizin beynəlxalq nüfuzu daha da artmaqdadır.
Əminik ki, Azərbaycan Prezidentinin rəhbərliyi altında Azərbaycan dövləti və xalqı bundan sonra da, ölkəmizin müstəqilliyini daha da möhkəmləndirəcək, daim həmrəylik, milli birlik, vahid amal uğrunda yumruq kimi bir olacaqdır.
Əminik ki, bütün bu nailiyyətlərə görə Ulu Öndərimizin ruhu şaddır və Azərbaycan var olduqca ümummilli lider Heydər Əliyev də var olacaq.
Anadan olmasının 100-cü ildönümündə müstəqil dövlətimizin banisi, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevi dərin hörmət və minnətdarlıqla yad edirik.
Diqqətinizə görə təşəkkür edirəm!