Qida Təhlükəsizliyi Agentliyinin sədri Ucarda vətəndaşları qəbul edəcək
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2024-cü ilin may ayı üzrə regionlarda vətəndaş qəbulu qrafikinə uyğun olaraq Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli mayın 3-ü saat 10:00-da Ucar Gənclər Mərkəzində Ucar, Kürdəmir, İmişli, Saatlı, Sabirabad, Zərdab rayonlarından olan vətəndaşları qəbul edəcək.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, vətəndaşlar Agentliyin səlahiyyət dairəsinə aid məsələlərlə (qida məhsullarının təhlükəsizliyi, baytarlıq və fitosanitar nəzarətinə dair normativ tənzimləmə, qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən subyektlərin qeydiyyatı, qida təhlükəsizliyi, fitosanitar və baytarlıq sertifikatlarının verilməsi və s.) bağlı adını, soyadını, atasının adını, müraciətinin məzmununu, yaşadığı ünvanı və telefon nömrəsini göstərməklə, [email protected] elektron ünvanına rəsmi şəkildə müraciət edərək və ya “1003-Çağrı Mərkəzi” ilə əlaqə saxlayaraq mayın 2-dək qəbula yazıla bilərlər.
Eyni zamanda Agentliyin region üzrə yerli bölmələrində işlə təmin olunmaq istəyən, qida məhsulları mühəndisliyi, istehlak mallarının ekspertizası və marketinqi, metrologiya, standartlaşdırma və sertifikasiya mühəndisliyi, tibbi profilaktika, aqronomluq, bitki mühafizəsi, kimya, biologiya, torpaqşünaslıq və aqrokimya, baytarlıq ixtisasına yiyələnmiş vətəndaşlar müraciət edə bilərlər.