Velosiped və Nobel mükafatı... (FOTO)

Dünyanın məşhur elm adamlarının velosiped həvəskarlığına dair çoxsaylı nümunələr var. Amma hindistanlı iqtisadçı alim Amartya Senin Nobel mükafatı almasında velosiped mühüm rol oynayıb.
Velosipedlər iqtisadiyyatda da ümumi alət deyil, lakin Amartya Senin velosipedi ona araşdırmalarında və tədqiqatlarının Nobelə doğru yön almasında çox kömək edib. Amartya Senin elmi yaradıcılığının çox hissəsi cəmiyyətin ən yoxsul üzvlərinin həyat şəraitinə və onun necə yaxşılaşdırılmasına həsr olunub. Orta məktəblərdə oğlan və qızlar arasındakı fərqləri araşdıran Şen, uşaqların çəkisini öyrənmək üçün bir qız köməkçi işə götürüb. Köməkçi müxtəlif ailələrdən olan şagirdlərin inkişafını (həyat şərtlərinin şagirdlərin orqanizminə təsiri) izləmək üçün onları tərəzidə çəkməli idi. Lakin tərəziyə çıxmaq istəməyən şagirdlər köməkçiyə qarşı kobudluq edərək bu işə mane olanda problemlər yaranıb. Nəticədə Amartya Sen Qərbi Benqalın kəndlərində velosiped sürərək özü uşaqları tərəzidə çəkməyə məcbur olub.
1998-ci ildə Amartya Sen sosial seçim, sərvətin ölçülməsi və yoxsulluq sahəsində araşdırmalara (“rifah iqtisadiyyatına verdiyi töhfələrə”) görə iqtisadiyyat üzrə Nobel mükafatına layiq görülüb.
Amartya Sen Hindistanın Benqal əyalətinin Santiniketan şəhərində Baidya ailəsində anadan olub. Atası Dəkkədə (indiki Banqladeşin bir hissəsi) kimya professoru idi. Sen Hindistanın Kəlkütə şəhərində ilk təhsilini almışdır. O, 1959-cu ildə Kembric Universitetindən fəlsəfə doktoru (PhD) elmi dərəcəsi aldıqdan sonra Oksford və Kembric universitetlərində, eləcə də ABŞ-da, o cümlədən Harvard Universitetində professorluq etmişdir.
Bir cəmiyyətdə ən vacib və əsas resurslar hansılardır və onları necə bölmək lazımdır? Amartya Senin tədqiqatlarının diqqət mərkəzində olan məsələlərdən biri kollektiv qərar qəbul edərkən fərdlərin dəyərlərinin necə nəzərə alına biləcəyi və rifah və yoxsulluğun necə ölçülə biləcəyidir. Onun səyləri bölüşdürmə məsələlərinə və xüsusən də cəmiyyətin ən yoxsul üzvlərinə olan marağından irəli gəlir. Senin tədqiqatları aclıq və yoxsulluğun arxasında duran iqtisadi səbəbləri daha dərindən başa düşmək üçün aclıqları əhatə etmişdir.


Oruc Mustafayev

 

Fotosessiya