İbtidai sinif müəllimlərinə dəstək məqsədilə təlimlər keçirilir

Təkrar sertifikatlaşdırma imtahanında iştirak edəcək ibtidai sinif müəllimlərinə dəstək məqsədilə “İbtidai təhsil səviyyəsində Azərbaycan dili və riyaziyyat fənlərinin məzmunu” üzrə keçirilən təlimlər davam edir.

Təhsil İnstitutundan Yerveinsan.az-a bildirilib ki, mart ayından etibarən başlanan təlimlər Bakı şəhəri, Abşeron-Xızı, Gəncə-Daşkəsən və Quba-Xaçmaz regional təhsil idarələrinin tabeliyində olan ümumi təhsil müəssisələrinin müəllimləri cəlb edilib. Təlim proqramı sertifikatlaşdırılma imtahanının məzmununa uyğun olaraq müəllimlərin təlim ehtiyacları əsasında hazırlanıb.

Təlimlərə cəlb olunan müəllimlər prosesdən çox razı qaldıqlarını bildirirlər. Təlimlər əsasən ötən tədris ilində sertifikatlaşdırılma imtahanında yüksək nəticə göstərən müəllimlər tərəfindən keçirilir. Bu da müəllimlərə fəaliyyətlərini səmərəli qurmaq üçün daha da stimul verir.

Qeyd edək ki, təlimlər müəllimlərin iş və ya yaşayış yerlərinə yaxın mərkəzlərdə təşkil olunub.