Ombudsman Macarıstanın dövlət katibi ilə görüşüb

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Macarıstana işgüzar səfəri çərçivəsində bu ölkənin Xarici İşlər və Ticarət Nazirliyinin Təhlükəsizlik siyasəti üzrə dövlət katibi Peter Sztaray ilə görüş keçirib.

Yerveinsan.az-ın məlumatına görə, Ombudsman Aparatından bildirilib ki, görüş zamanı Müvəkkil Azərbaycanla Macarıstanın ombudsman təsisatları arasında yüksək səviyyəli əlaqələrin mövcud olduğunu qeyd edib.

Ombudsman otuz il Ermənistanın Azərbaycan ərazisinin 20 faizini işğal altında saxladığını, bu hərbi təcavüz nəticəsində qaçqın və keçmiş məcburi köçkün vəziyyətinə düşmüş bir milyondan çox azərbaycanlının bütün fundamental hüquqlarının pozulduğunu bildirib. Müvəkkil Azərbaycan torpaqlarının Vətən müharibəsi nəticəsində işğaldan azad edildiyini, ölkəmizin ərazi bütövlüyünün bərpa olunduğunu qeyd edib.

S.Əliyeva, həmçinin müharibə dövründə Ermənistan tərəfindən törədilmiş beynəlxalq humanitar hüquq pozuntuları, habelə beynəlxalq ictimaiyyətin bu faktlar barədə məlumatlandırılması məqsədilə Ombudsman təsisatının həyata keçirdiyi araşdırma fəaliyyəti barədə məlumat verib. O, müharibə zamanı və daha sonrakı dövrdə faktaraşdırıcı missiyaların həyata keçirildiyini, nəticələrlə bağlı hesabatların hazırlanaraq müvafiq beynəlxalq təşkilatlara ünvanlandığını diqqətə çatdırıb.

Görüşdə Peter Sztaray Türk dövlətləri ilə əməkdaşlığın Macarıstan üçün mühüm əhəmiyyət kəsb etdiyini bildirib, bu istiqamətdə Azərbaycan, Türkiyə, Qazaxıstan və digər dövlətlərlə əlaqələrin yüksək səviyyədə olduğunu qeyd edib.

Səfər çərçivəsində Ombudsman Veszprem Regional İstintaq Müəssisəsində də olub. Burada Müvəkkilə müəssisənin fəaliyyəti haqqında məlumat verilib.