Dağlıq ərazilərdə havanın qısamüddətli az yağıntılı olacağı gözlənilir

Azərbaycanda aprelin 29-na gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 13-18°, gündüz 25-30° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək - 765 millimetr civə sütunu, nisbi rütubət gecə 50-60, gündüz 30-40 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin gündüz saatlarında bəzi dağlıq ərazilərdə qısamüddətli az yağıntılı olacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 12-17°, gündüz 26-31° isti, dağlarda gecə 9-14°, gündüz 15-20° isti olacağı ehtimal edilir.