“Azərbaycan dili” fənni üzrə ikinci imtahan iyunun 18-də keçiriləcək

Ali təhsil müəssisələrinə və 11 illik təhsil bazasında kolleclərə qəbul olmaq istəyən, lakin mayın 7-də keçirilmiş Azərbaycan dili (dövlət dili kimi) imtahanında iştirak etməyən və ya “qeyri-məqbul” qiymət alan abituriyentlər mayın 25-dən iyunun 5-dək qeydiyyatdan keçməklə Azərbaycan dili imtahanına (ikinci cəhd) yazıla bilərlər.

Bu barədə Yerveinsan.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilib ki, abituriyentlər qeydiyyatdan keçmək üçün tələb olunan məbləği (sistem tərəfindən avtomatik istifadəçiyə məlumat verilir) şəxsi kabinetlərindəki hesablarına əlavə etməlidirlər.

Doqquz illik təhsil bazasında kolleclərə qəbul olmaq istəyənlər üçün “Azərbaycan dili” imtahanına (ikinci cəhd) qeydiyyat isə sabah başlayacaq və bu barədə məlumat veriləcək.

“Azərbaycan dili” (dövlət dili kimi) fənni üzrə ikinci imtahan iyunun 18-də keçiriləcək.

Xatırladaq ki, 2023-cü il mayın 7-də keçirilmiş Azərbaycan dili imtahanında iştirak edən, lakin ali və orta ixtisas təhsili müəssisələrinin müsabiqəsinə qatılmayan 11-ci sinif şagirdləri ikinci imtahanda iştirak etmirlər. Onların mayın 7-də olan imtahandan topladıqları bal yekun attestasiya sənədinə yazılacaq.

Yekun attestasiyası aparılmayan şagirdlər üçün isə sentyabr ayında yenidən imtahan təşkil olunacaq.