İşğaldan azad edilmiş ərazilərdə 39 avtomobil tuneli inşa edilir

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının ərazisində icra olunan və işğaldan azad edilmiş rayon və kəndlərin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq yol infrastrukturu layihələrində ümumi uzunluğu 66 kilometrə yaxın olan 39 avtomobil tunelinin inşası həyata keçirilir.

Bu barədə Yerveinsan.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Məlumata əsasən, həmin ərazidə -Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda ümumi uzunluğu 12 min 690,6 metr olan 7 avtomobil tuneli, Xudafərin-Qubadlı-Laçın avtomobil yolunda ümumi uzunluğu 2 min 358 metr olan 7 avtomobil tuneli, Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunda ümumi uzunluğu 12 min 32,79 metr olan 3 avtomobil tuneli, Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunda ümumi uzunluğu 25 min 926,97 metr olan 5 avtomobil tuneli, həmçinin Kəlbəcər-Laçın avtomobil yolunda ümumi uzunluğu 12 min 964,61 metr olan 17 avtomobil tuneli inşa edilir.