DİM musiqi sənəti üzrə qabiliyyət imtahanı verəcək abituriyentlərə müraciət edib

Dövlət İmtahan Mərkəzi (DİM) Musiqi sənəti istiqamətinin ali təhsil pilləsinə aid qabiliyyət imtahanı komissiyaları üzrə qeydiyyatdan keçmiş abituriyentlərə müraciət edib.

DİM-dən bildirilib ki, Bakı şəhərində fəaliyyət göstərən ali təhsil müəssisələrinin Musiqi sənəti istiqamətinin qabiliyyət imtahanı komissiyaları üzrə qeydiyyatdan keçmiş abituriyentlər Mərkəzin saytındakı müvafiq keçidə daxil olaraq imtahana buraxılış vərəqələrini çap edə bilərlər.

İmtahanlar iyulun 17-21-də Bülbül adına orta ixtisas musiqi məktəbində keçiriləcək (Bakı şəhəri, Əhməd Cavad küçəsi, 9).

İmtahan tarixi və saatı buraxılış vərəqələrində qeyd olunur. İmtahana gələn abituriyentlərin konsertmeysterləri DİM-in saytındakı keçidə daxil olaraq abituriyenti siyahıya əlavə edib buraxılış vərəqini çap etməlidirlər. Buraxılış vərəqi olmayan, abituriyentin ixtisas müəllimi və ya valideyni olan konsertmeysterlər imtahan binasına buraxılmırlar.

Abituriyentlərin nəzərinə çatdırırıq ki, imtahan nəticələri ilə bağlı apellyasiya prosesi imtahan günü imtahan binasında və imtahan başa çatdıqdan sonra təşkil edilir. Apellyasiya komissiyasına vaxtında müraciət etməyən abituriyentlərin işlərinə baxılmır.

Bundan əlavə, bildiririk ki, Naxçıvan Dövlət Universitetinin musiqi sənəti istiqamətinin ixtisasları üzrə qabiliyyət imtahanlarının iyulun 24-26-da onlayn şəkildə keçirilməsi nəzərdə tutulub.

Hazırda musiqi sənəti istiqaməti üzrə tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsil müəssisələrinə qəbul olmaq üçün keçirilən onlayn qabiliyyət imtahanları iyulun 15-dək davam edəcək.